Faiq Qarayev: "Klublar olmasa, inkişaf çox çətindir"

Faiq Qarayev: "Klublar olmasa, inkişaf çox çətindir" "Gənclər və İdman Nazirliyi və federasiya rəhbərliyinin dəstəyi ilə yüksək-səviyyədə təlim-məşq toplanışı təşkil olunub. Qadınlardan ibarət milli komanda Sloveniyadadır. Kişilərdən ibarət yığma isə Bakıda hazırlaşır".
Komanda
23 İyul , 2022 11:22
Faiq Qarayev: Klublar olmasa, inkişaf çox çətindir

"Gənclər və İdman Nazirliyi və federasiya rəhbərliyinin dəstəyi ilə yüksək-səviyyədə təlim-məşq toplanışı təşkil olunub. Qadınlardan ibarət milli komanda Sloveniyadadır. Kişilərdən ibarət yığma isə Bakıda hazırlaşır".

Bunu "Report"a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev milli komandaların Avropa çempionatının təsnifat mərhələsinə və V İslam Həmrəyliyi Oyunlarına hazırlığı barədə danışarkən deyib.

63 yaşlı mütəxəssis bildirib ki, kişilərdən və qadınlardan ibarət yığmalar İslamiadada qrupdan çıxmağı bacarsa, medal üçün mübarizə apara bilərlər: "Təsnifat mərhələsinin oyunları isə asan keçməyəcək. Kişi voleybolçuların yer aldığı qrup bir qədər çətindir. Həm Türkiyə, həm də Danimarka güclü komandalardır. Buna baxmayaraq, həvəsdən düşmürük. Bu, idmandır. Əlimizdən gələni edəcəyik ki, yaxşı çıxış edək. Qadınlardan ibarət milli isə Gürcüstan, Avstriya və Sloveniya ilə eyni qrupda mübarizə aparacaq. İdman adamı olaraq, poqnoz vermək istəmirəm. Amma şanslarımız var. Əsas voleybolçuların 80-90 faizini yığmaya qaytarmışıq. Onlar da İslamiadada medal qazanmaq və Avropa çempionatına vəsiqə əldə etmək istəyirlər".

Qarayev 2022/2023 mövsümündə qadınlar arasında Super Liqada komanda sayının artırıla biləcəyini istisna etməyib: "Nazirlik, federasiya rəhbərliyi və sponsorlarla danışıqları davam etdiririk. Klublar olmasa, inkişaf çox çətindir. Bu mövsüm "Azərreyl" və "Murov" avrokuboklarda iştiraklarını təsdiqləyiblər. Azərbaycan çempionatında ən azı 5 kişi və 5 qadın komandası çıxış etməlidir. Görək, necə alınacaq. Bir az çətinliklərimiz var. Gənc voleybolçular klublarında oynamasalar, inkişaf etməyəcəklər. Bilirsiniz ki, Azərbaycan əvvəllər avrokuboklarda 5 komanda ilə təmsil olunub, titullar qazanıb. Çempionlar Liqasında final oynamışıq. Həmin ənənələri qaytarmaq istəyirik. Hesab edirəm ki, bizə dəstək olacaqlar. Bu gün milli komandalar zalda məşqlərini edir. Bəs onların oyunları qurtarandan sonra nə olacaq? Əsas məsələ bundadır".

Son xəbərlər

Orphus sistemi