Basketbol üzrə Azərbaycan Super Liqasının başlama vaxtı açıqlanıb

Basketbol üzrə Azərbaycan Super Liqasının başlama vaxtı açıqlanıb Federasiya rəsmisi çempionatda 6 komandanın iştirakının gözlənildiyini söyləsə də, onların adlarını komandalardan tam razılıq alandan sonra açıqlaya biləcəyini deyib
Komanda
125
19 Noyabr , 2021 12:34
Basketbol üzrə Azərbaycan Super Liqasının başlama vaxtı açıqlanıb

Basketbol üzrə kişilər arasında Azərbaycan Super Liqasında yeni mövsümün start götürəcəyi vaxt müəyyənləşib.

Bu barədə "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov açıqlama verib.

O, mövsümün, böyük ehtimalla, dekabrda başlayacağını vurğulayıb: "Növbəti həftə bununla bağlı Gənclər və İdman Nazirliyinə müraciət edəcəyik. Daha sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın cavabını gözləyəcəyik. Onlar da icazə verəcəyi təqdirdə, Superliqanı keçirəcəyik. Komandalarla söhbət aparıldıqdan sonra isə yarışa start veriləcək".

Əzimov hələlik yarışların harada keçiriləcəyinin bəlli olmadığını və buna növbəti həftələrdə aydınlıq gələcəyini diqqətə çatdırıb: "Zallarda çoxlu problemlər var. Bəzilərində hansısa idman növünün məşqləri keçirilir. Biz istənilən zalda yarış təşkil edə bilmirik. Həmin məkan bütün standartlara uyğun olmalıdır. Meydanın eni, uzunluğu və istilik sistemi kimi məsələlər vacibdir. Hələlik bir-iki zal var ki, onlarla danışıqlar aparılır".

Federasiya rəsmisi çempionatda 6 komandanın iştirakının gözlənildiyini söyləsə də, onların adlarını komandalardan tam razılıq alandan sonra açıqlaya biləcəyini deyib.

O, qadınlar arasında 3X3 növündə liqa keçirdiklərini xatırladıb: "Bu növü açıq havada təşkil etdiyimiz üçün oynamağa icazə verilib. Artıq ilk tur da başa çatıb. İkinci turun dekabrda təşkili planlaşdırılır. Burada da 8 komanda var. 16 yaşadək 4, 16 yaşdan yuxarı isə 4 kollektiv yarışır".

Əzimov kişilərdən ibarət Azərbaycanın əsas millisinin və U-18 yığmasının 2022-ci ildə Avropa çempionatında mübarizə aparacaqlarını da diqqətə çatdırıb: "Hər iki komandanı Beynəlxalq Basketbol Federasiyasına (FIBA) sifariş vermişik. Əsas komanda iyunda C Divizionunda mübarizə aparacaq. Görüşlərin harada olacağı bəlli deyil. U-18 isə iyulda qitə yarışına qatılacaq və qarşılaşmalar San Marinoda olacaq. Püşkatmadan sonra rəqiblərin adlarına aydınlıq gələcək".

Qeyd edək ki, Azərbaycan Super Liqası sonuncu dəfə 2019-cu ilin oktyabrında start götürüb, 2020-ci ilin aprelində koronavirus pandemiyasına görə dayandırılıb və "Zirvə Astara" çempion elan olunub.

Son xəbərlər

Orphus sistemi