Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 2023-cü ildə keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi bəlli olub.
Federasiyadan "Report"a verilən məlumata görə, Almaniyanın ev sahibliyi edəcəyi C qrupunda yer alan komanda mübarizəyə avqustun 18-də başlayacaq.
Ardıcıl 10-cu dəfə Avropa çempionatında iştirak edəcək yığmanın rəqibləri Almaniya, Çexiya, Türkiyə, İsveç və Yunanıstan olacaq.
Milli AVRO-2023-də ilk oyununu Çexiya kollektivinə qarşı keçirəcək. Voleybolçular bir gün sonra ev sahibləri ilə üz-üzə gələcəklər.
Qrup mərhələsinin 3-cü turunda milli Türkiyə ilə qarşılaşacaq. Yarışın növbəti günündə istirahət edəcək komanda avqustun 22-də Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığma avqustun 23-də baş tutacaq qrupdakı son matçında isə İsveçə rəqib olacaq. Qrupda mübarizəyə bir gün sonra yekun vurulacaq.
Qeyd edək ki, qrupda ilk dörd yeri tutacaq kollektivlər növbəti mərhələyə yüksələcək.