Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün Belçika və Hollandiyada voleybolçu qadınlar arasında Avropa çempionatına start veriləcək. "Report"un məlumatına görə, 16 ölkənin qatılacağı yarışda Azərbaycan milli komandası da yer alacaq.
"
İlk matç isə bu gün Avropa Oyunlarının qalibi Türkiyəyə qarşı keçirəcək. Belçikanın Antverpen şəhərindəki "Merksem Lotto Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:30-da başlanacaq. Rəqib komanda ilə sonuncu qarşılaşmalar da məhz "Bakı 2015"ə təsadüf edib. Həmin vaxt qrup oyununda "ay-ulduzlular" 3:0, yarımfinalda isə 3:2 hesabı ilə qalib gəlmişdilər. Qrupun digər oyunu isə Azərbaycan - Türkiyə matçından 3 saat tez eyni arenada start götürəcək.
Digər qrupların tərkibi:
A qrupu: Sloveniya, Hollandiya, İtaliya, Polşa
C qrupu: Bolqarıstan, Rusiya, Xorvatiya, Belarus
D qrupu: Çexiya, Rumıniya, Serbiya, Almaniya
Əsasnaməyə görə, qrup qalibləri birbaşa 1/4 finala yüksələcəklər. Qruplarda 2-3-cü yerləri tutan 8 komanda isə "pley-off" mərhələsində 4 cütlük əmələ gətirəcək. B qrupunda müvafiq yerləri tutanlar D qrupundakı eyni pillələrin sahibləri ilə çarpaz üsulu ilə qarşılaşacaqlar. Qalib komandalar növbəti mərhələdə B və ya D qruplarının qalibləri ilə üz-üzə gələcəklər. 1/4 finalçıların hamısı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirinə vəsiqə qazanacaqlar. Turnir gələn il təşkil olunacaq.
Qeyd edək ki, Avropa çempionatında qrup oyunları 26 - 28 sentyabrda, "pley-off" matçları 30 sentyabrda, 1/4 final görüşü 1 oktyabrda, yarımfinallar 3 oktyabrda, 3-cü yer uğrunda və final görüşləri isə 4 oktyabrda keçiriləcək.