Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azəryol" klubunun Çempionlar Liqasında İtaliyanın "Yamamay" komandası ilə keçirəcəyi ilk "pley-off" matçının vaxtı müəyyənləşib. Klubdan "Report"a verilən məlumata görə, Bakıdakı Voleybol Mərkəzində təşkil ediləcək oyun fevralın 11-də baş tutacaq.
Matç saat 18:00-da start götürəcək. Cavab görüşünün dəqiq tarixi hələ bilinmir. Oyunun 17 - 19 fevral tarixlərindən birində təşkili nəzərdə tutulub.
Qeyd edək ki, növbəti mərhələyə vəsiqə iki oyunun nəticəsində müəyyənləşəcək. II "pley-off" mərhələsinin qarşılaşmaları 3 - 5 mart və 10 - 12 martda, "4-lər finalı" isə 4-5 apreldə olacaq. Həlledici mərhələ Polşanın Şetsin şəhərində baş tutacaq.