Ağırlıqqaldırma üzrə dünya çempionatında Azərbaycan yığmasının 2 üzvü mübarizə aparıb

Komanda
  • 10 noyabr, 2014
  • 07:53
Ağırlıqqaldırma üzrə dünya çempionatında Azərbaycan yığmasının 2 üzvü mübarizə aparıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Qazaxıstanın Almatı şəhərində ağırlıqqaldırma üzrə dünya çempionatı davam edir. "Report"un məlumatına görə, ilk 2 yarış günündə Azərbaycanın 2 təmsilçisi "körpücük" üzərinə çıxıb. 

Kişilərin mübarizəsində 56 kq çəki dərəcəsində yer alan Elmar Əliyev C qrupunda mübarizə aparıb. 27 yaşlı atlet birdən 103 kq, təkanla 135 kq ağırlığın öhdəsindən gələrək, iki hərəkətin cəmində 238 kq nəticə göstərib. Bu nəticə ilə ƏIiyev ümumi sıralamada 24-cü olub. 

62 kq çəkidəki Rüstəm İmanzadə birdən 120 kq, təkanla 147 kq, ümumi nəticədə 267 kq göstərici ilə 17-ci yerlə kifayətlənib. 

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən bu gün qadınlar arasında 53 kq çəki dərəcəsində Gülçin Əlizadə C, Boyanka Kostova B qrupunda mübarizə aparacaqlar. Dünya çempionatına noyabrın 16-da yekun vurulacaq.