"Azərbaycan tarixində ilk dəfə komanda idman növündə olimpiadaya düşmək şansımız var".
Bunu "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov 3x3 qadın millisinin Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda təsnifat mərhələsi barədə danışarkən deyib.
Funksioner yarışın aprelin 4-14-ü aralığında Honkonqda keçirilməsinin planda olduğunu bildirib: "Dəqiq tarixlər hələlik Beynəlxalq Basketbol Federasiyası tərəfindən təsdiqlənməyib. Bu, qadın basketbolunda bizim üçün ən vacib turnirdir. Yığma fevralda təlim-məşq toplanışına start verəcək və bir neçə turnirə qatılacaq. Bütün güclərini qoyub bu yarışa hazırlaşacaqlar".
Milli lisenziya uğrunda ilk olaraq Honkonq, Niderland, Macarıstan, Polşa, Monqolustan, Misir və Çili komandaları ilə qarşılaşacaq.
Əzimov rəqiblər haqqında məlumat əldə etdiklərini vurğulayıb: "Bu raunda yüksələn komandalar arasında zəifi yoxdur. Hamısı güclüdür. Amma onlar kimi bizim də şansımız var. Ümid edirəm ki, yaxşı nəticə göstərib olimpiadaya vəsiqə qazana biləcəyik".
ABF rəsmisi Dünya Qadın Seriyasında mübarizə aparan "Neftçi"dən də milliyə basketbolçu cəlb ediləcəyini söyləyib: "Həm millinin, həm də "Neftçi"nin heyətindən ən yaxşıları seçib bu turnirdə oynadacağıq. Təlim-məşq toplanışına da çox idmançı qatılacaq. Məşqçilər ən yaxşıları seçəcəklər".