Zəngilanda nəqliyyat-logistika sahəsi üzrə beynəlxalq konfrans işə başlayıb

Zəngilanda nəqliyyat-logistika sahəsi üzrə beynəlxalq konfrans işə başlayıb Bu gün Zəngilan şəhərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
İnfrastruktur
16 Noyabr , 2023 10:28
Zəngilanda nəqliyyat-logistika sahəsi üzrə beynəlxalq konfrans işə başlayıb

Bu gün Zəngilan şəhərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

"Report"un Zəngilana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirin məqsədi trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı dövlət, özəl və akademik sektorlar arasında müzakirələrin təşkil edilməsi, maraqlı tərəflər arasında əməkdaşlığın qurulmasıdır.

Konfransda 15 ölkədən, 8 beynəlxalq təşkilatdan, o cümlədən beynəlxalq maliyyə institutlarından 200-dən çox qonaq iştirak edir.

Konfransın xüsusilə ilk gününün işğaldan azad edilmiş ərazilərdə keçirilməsinin mahiyyəti beynəlxalq ictimaiyyətin, xüsusilə də nəqliyyat-logistika üzrə fəaliyyət göstərən təşkilatların, institutların, tədqiqat və beyin mərkəzlərinin diqqətinin həmin regionlara cəlb edilməsi olub. Əsas məqsədlərdən biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı nəqliyyat infrastruktur layihələri barədə tərəfdaşları məlumatlandırmaq, həmin bölgələrin beynəlxalq nəqliyyat dəhlizləri boyunca yükdaşımalarda potensial rolu və tranzit imkanlarını ön plana çıxarmaqdır.

Müzakirələr “Zəngəzur dəhlizi təşəbbüsü regional əməkdaşlıq və inkişaf üçün katalizator kimi”, “Beynəlxalq nəqliyyat dəhlizləri üçün innovativ gömrüklər”, “Beynəlxalq nəqliyyat və logistik dəhlizlər sülh və tərəfdaşlığın vasitəsi kimi”, “Nəqliyyat və logistika sənayelərinin modernləşdirilməsində əsas trendlər”, “Logistika siyasətinin dizayn və həyata keçirilməsi”, “Orta Dəhliz boyu nəqliyyat xidməti infrastrukturunun inkişafı və rəqəmsallaşdırılması” və “Zəngəzur dəhlizinin regional inteqrasiyanın inkişafında rolu” mövzularını əhatə edəcək.

Konfrans işini sabah Bakıda davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi