Bu ay "Ural Hava Yolları" şirkəti Rusiya vətəndaşlarını vətənlərinə çatdırmaq məqsədilə Bakı-Moskva ("Jukovski" hava limanı) marşrutu üzrə 3 çarter reysi həyata keçirəcək.
"Report" bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir.
Məlumata görə, aviareyslər Rusiya vətəndaşı olan və yaxud Rusiyaya giriş hüququna malik, habelə koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlərin daşınması üçün nəzərdə tutulub.
Uçuşlar dekabrın 12-də, 19-da və 26-da aeroportun 1-ci terminalından yerinə yetiriləcək.
Xatırladaq ki, noyabrın 26-dan etibarən "Aeroflot" şirkəti də Rusiya vətəndaşlarının daşınması üçün Bakı-Moskva marşrutu üzrə çarter reysləri həyata keçirir. Uçuşlar həftədə iki dəfə cümə axşamı və bazar günləri icra olunur.