Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun şimal qolunun Ukraynadan və Polşadan keçən hissəsi 2018-ci ildə fəal inkişaf etməyə başlayıb.
“Report” xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov xarici KİV-ə bildirib.
Onun sözlərinə görə, ötən il bu istiqamət üzrə yükdaşımaların həcmi bir qədər azalıb: “Yükdaşımaların həcminin azalması pandemiya ilə əlaqədar ola bilər. Sözügedən azalma Ukraynadan Çinə Rusiya üzərindən tranzit yükdaşıma üçün verilən icazənin nəticəsi olaraq da yarana bilər. Buna baxmayaraq, bu istiqamət xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələri ilə əlaqə baxımından çox perspektivli bir yoldur. Bu istiqamətin daha da inkişafı üçün bu marşrut boyunca yük trafikinin inkişafına hər cür töhfə verəcək bir təşəbbüslər lazımdır”.
Xatırladaq ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olaraq həyata keçirilməsi nəzərdə tutulub. Bu, 2014-cü ilin 20 fevral tarixində “Azərbaycan Dəmir Yolları” QSC, “Gürcüstan Dəmir Yolları” SC və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin birgə iştirakı ilə keçirilmiş Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə Əlaqələndirmə Komitəsinin təsis olunması ilə başlayıb.