Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yükdaşımanın həcminin artırılması üçün limanlarda işlər sürətlənməli, gəmilərin sayı artırılmalıdır.
Bunu “Report”a açıqlamasında Almaniyanın “TOUAX Rail" beynəlxalq dəmir yolu xidmətləri şirkətinin ölkə meneceri Stefan Blaas bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi şirkət son 1 ildə Orta Dəhlizlə yükdaşımanın həcmini təxminən 50 % artırıb, bu da Qazaxıstan və Özbəkistandan Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə daşınan yüklərin hesabına olub.
“Biz Azərbaycan və Gürcüstanın dəniz limanlarından istifadə edirik. Şirkətimiz hazırda daha çox kənd təsərrüfatı texnikalarını daşıyır. Bu texnikalar Qazaxıstan və Özbəkistandan, eyni zamanda Türkmənistandan Avropa İttifaqı ölkələrinə və yaxud əks istiqamətdə daşınır. Bu istiqamətdə yüklər artıb, lakin limanlarda gəmilər azdır və mövcud yük axınını qarşılaya bilmir. Bununla yanaşı, güclü küləklər də bizim işimizin sürətinə mənfi təsir göstərir”, - deyə “TOUAX Rail" rəsmisi qeyd edib.
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.
Bakıda sabah Çin, Orta Asiya və Avropa dəmir yolları operatorlarının iştirakı ilə yeni “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq. Məqsəd Orta Dəhlizə daha çox yük cəlb etməkdir. Bununla yanaşı, Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarının operatorları “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsi yaradıb. Hazırda Çin də bu müəssisəyə payçı olmaq istəyir.