“Ortamüddətli perspektivdə Transxəzər marşrutu üzrə yükdaşımalarının həcmi 5 dəfə artırıla bilər”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Transxəzər marşrutu bizim tranzit potensialımızın gücləndirilməsində mühüm rol oynayacaq. Ortamüddətli perspektivdə bu dəhlizlə yükdaşımaların həcmi 5 dəfə artırıla bilər. Bunun üçün tərəfdaş ölkələrlə - Çin, Azərbaycan, Gürcüstan, Türkiyə ilə gücümüzü birləşdirməliyik”, - o vurğulayıb.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" QSC "Qazaxıstan Dəmir Yolu” SC ilə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə birgə müəssisə yaratmaq haqqında saziş imzalayıb. Müəssisənin yaradılmasında əsas məqsəd Orta Dəhlizlə yük daşımalarının həcmini əhəmiyyətli dərəcədə artırmaqdır.