Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib.
Bu barədə "Report"a BNA-dan bildirilib.
"Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir", - deyə məlumatda qeyd edilib.
Vurğulanır ki, sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər: "Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik".