Azərbaycanın “Silkway West Airlines” karqo şirkəti ABŞ-ın Ohayo ştatındakı "Rickenbacker" Beynəlxalq Hava Limanına yükdaşımaların həyata keçirməyə başlayıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Kolumbus Regional Hava Limanı İdarəsi, ilk “Silkway B747” yük gəmisinin ABŞ “Trinity Logistics” şirkəti ilə uzun müddətli icarə müqaviləsi əsasında ötən həftə "Rickenbacker" (LCK) stansiyasına endiyini bildiriib.
Qeyd edək ki, mənzil qərargahı Nyu-York şəhərində yerləşən "Trinity" şirkəti Rikenbaker Beynəlxalq Hava Limanında (LCK) ən böyük özəl hava nəqliyyatı şəbəkələrindən birini idarə edir. "Trinity"nin prezidenti Devid Pereyra bildirib ki, şirkət 2017-ci ildən etibarən Hindistan yarımqitəsində və Cənub-Şərqi Asiyada yerləşən əsas mərkəzlərdən dəb və geyim əşyaları ilə yüklü 500-dən çox icarəyə götürülmüş yük təyyarəsini ABŞ-ın Orta Qərb bölgəsində yerləşən bu hava limanına göndərib.
"Rickenbacker", "Silkway"in ABŞ-da müntəzəm olaraq planlanan ikinci təyinat yeridir, eyni zamanda "Chicago O'Hare" Beynəlxalq Hava Limanına həftədə üç dəfə karqo daşımalarını həyata keçirir. "Silkway" 2012-ci ildə qurulub və veb-saytındakı məlumata görə, hər ay 15 “Boeing 747-8” və “747-400” yük təyyarələri ilə dünya miqyasında təxminən 250 müntəzəm və çarter uçuşları həyata keçirir.
Bundan başqa, LCK yaxın vaxtlarda 500-cü yük təyyyarəsini qarşılayıb. Bu, hava limanının sərnişin daşınması üçün nəzərdə tutulan hava limanı olmadığını nəzərə alsaq, mühüm göstəricidir.
Beynəlxlaq aviaşirkətlər koronavirus pandemiyası dövründə məhdudlaşdırılan sərnişin daşımalarından yaranan itkiləri kompensasiya etmək və malgöndərənlərin yüksək tələbatından istifadə etmək üçün 2,5 mindən çox təyyarəsini yükdaşıma rejiminə keçirib. Aviaşirkətlər təyarələrinin yük bölməsində, bəziləri oturacaqlarda və ya oturacaqları çıxardılmış təyyarələrlə yükdaşımaları həyata keçirib. Bir sıra hava limanları bu tip reysləri qəbul edib, lakin aviaşirkətlər alternativ karqo limanlarını deyil, sərnişin hava limanlarına getməyə meyllidir. "Rickenbacker", yalnız karqo uçuşlarının həyata keçirildiyi yeganə xüsusi hava limanıdır. Hava limanında “Emirates”, “Etihad Airways”, “Korean Airlines”, “Philippine Airlines” və “Qatar Airways” aviaşirkətləri də müntəzəm yükdaşımaları həyata keçirir.
"Rickenbacker", bir çox logistika şirkəti və bütün yük daşıyıcıları üçün getdikcə populyarlaşıb, çünki karqo böyük mərkəzi hava limanlarından fərqli olaraq daha az vaxtda boşaldılır, gömrük tərəfindən rəsmiləşdirilir və müştərilərə çatdırılır.
Hava limanının rəhbərliyi, 500 sərnişin daşıyan təyyarəsi ilə "Rickenbacker"ə 1 milyondan çox istehlak malları və istehsal komponentinin gəldiyini təxmin edir.