Serbiyanı gələcəyə aparan Azərbaycan yolu

Serbiyanı gələcəyə aparan Azərbaycan yolu Serbiya yol şəbəkəsinin şah damarı kimi qəbul olunan Ruma-Şabats magistralının açılışı baş tutub.
İnfrastruktur
19 Oktyabr , 2023 10:00
Serbiyanı gələcəyə aparan Azərbaycan yolu

Serbiya yol şəbəkəsinin şah damarı kimi qəbul olunan Ruma-Şabats magistralının açılışı baş tutub.

Bu avtomobil yolu Azərbaycana məxsus “AzVirt” MMC-nin 2019-cu ildə bu ölkədə icrasına başladığı Ruma-Şabats-Loznitsa layihəsinin tərkib hissəsidir.

Açılış mərasimində Serbiya Prezidenti Aleksandr Vuçiçlə yanaşı, Serbiyanın Baş naziri Ana Brnabiç, nazirlər, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev, eləcə də “AzVirt”in rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

A,Vuçiç indiyə qədər görülən işlərdən çox qürur duyduğunu qeyd edib. Onun sözlərinə görə, bu yol Serbiya vətəndaşları üçün son dərəcə əhəmiyyətlidir və onlar daha az vaxt ərzində qısa məsafə qət etməklə mənzil başına çatacaqlar. Dövlət başçısı 24,6 kilometr uzunluğunda tam profilli yeni avtomobil yolunun davamının (Şabats-Loznitsa) ən qısa zamanda – 2024-cü ilin sonuna başa çatdırılmasının vacibliyini də dilə gətirib. Prezident bu günə qədər görülən işlərə görə podratçı şirkət – “AzVirt”ə təşəkkürünü bildirib. “Mən Sizə həqiqətən güvənirəm. İşinizə, bu sahədə verdiyiniz töhfəyə görə çox sağ olun deyirəm. Sağ olun ki, Şirkətinizin bütün rəhbər şəxsləri ilə burdasınız. Bu, bizim dostluğumuzun və fədakar əməyinizin böyük sübutudur. “Azvirt”in rəhbəri dəqiq insandır, “Azvirt” şirkəti isə əladır. Azərbaycanlı dostlarımıza təşəkkür edirəm ki, işlərini çox yaxşı, çox ciddi şəkildə yerinə yetirdilər. Həm də çox məsuliyyətlə”.

Açılış mərasimində çıxış edən “AzVirt”in baş direktoru Kamil Əliyev serb və azərbaycanlı inşaatçıların birgə tikinti uğurlarını yüksək dəyərləndirib. O, Ruma-Şabats magistralının və nəhəng körpünün tikintisinin müqavilə şərtlərində nəzərdə tutulduğundan xeyli əvvəl Serbiya vətəndaşlarının istifadəsinə verildiyini deyib. “Serbiyanın yol şəbəkəsinin genişləndirilməsinə töhfə vermək bizim üçün şərəfdir. Əvvəlki illərdə biz Serbiya və Azərbaycan hökumətlərinin və əməkdaşlarımızın etibarlı və uyğun tərəfdaşı olmaq, göstərilən etimadı doğrultmaq, bütün müqavilə öhdəliklərini və son tarixləri ən yüksək beynəlxalq standartlara uyğun yerinə yetirmək üçün əlimizdən gələni etdik. Xatırladım ki, tikdiyimiz yolların keyfiyyətinə görə Serb xalqının yaddaşında qalmaq arzusu ilə biz bütün bu illər ərzində, hətta pandemiya dövründə də daim işləmişik. Xahiş edirik, unutmayın ki, "Azvirt" təkcə körpülər və yollar inşa etmir, həm də Azərbaycan ilə Serbiya, xalqlarımız arasında əbədi bağlar qurur”.

Daha sonra K.Əliyev Azərbaycan prezidenti İlham Əliyev və Serbiya prezidenti Aleksandr Vuçiçə ikitərəfli əlaqələrin inkişafında və gələcək nəsillərə miras qalacaq yeni birgə layihələrin işlənib hazırlanmasında göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.

“AzVirt” bu ölkədə 10 ildən çoxdur ki, fəaliyyət göstərir. 2012-2016-cı illərdə Serbiya və Monteneqro arasında 11-ci Dəhlizin Liq-Prelina hissəsinin tikintisi ilk böyük layihə olaraq uğurla tamamlanıb. Bu ilin iyun ayında isə Serbiyada Belqrad Dairəvi yolu istifadəyə verilib. Bütün açılışlarda Serbiya prezidenti A.Vuçiç şəxsən özü iştirak edib.

Bundan başqa, “AzVirt” ölkə daxilində də uğurlu fəaliyyətini davam etdirir. Bu günlərdə “AzVirt” ödənişli Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun Yaşma qəsəbəsindən Siyəzən rayonuna qədər olan hissəsinin (60 km) inşasını başa çatdırıb. Eyni zamanda Şirkət Qarabağda aparılan bir çox tikinti işlərinin əsas iştirakçılarından biridir. Füzuli Beynəlxalq Hava Limanı 2021-ci ildə rekord müddətə - cəmi 8 aya inşa olunaraq təhvil verilib. Zəngilan Beynəlxalq Hava Limanı düz bir il bundan öncə istifadəyə verilməklə Zəngəzur iqtisadi zonasının ayrılmaz hissəsinə çevrilib. Bu açılışlarda Azərbaycan və Türkiyə prezidentləri iştirak edib. Hazırda isə Şirkət Laçın Beynəlxalq Hava Limanı, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Əhmədbəyli-Füzuli-Şuşa, Kəlbəcər-Laçın avtomobil yollarının tikinti işlərini davam etdirməkdədir.

Son xəbərlər

Orphus sistemi