“Polşanın aparıcı memarlıq bürosu Şuşa şəhərində konsert zalı layihəsinin hazırlanması üçün müsabiqənin qısa siyahısına daxildir”.
Bunu “Report”a açıqlamasında Polşanın Azərbaycandakı səfiri Rafal Poborski deyib.
“Polşalı memarlar Azərbaycana səfər edərək, ölkənin işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması ilə bağlı öz baxışlarını və layihələrini təqdim ediblər. Polşanın aparıcı memarlıq bürolarından biri Şuşada konsert zalının tikintisi və layihələndirilməsi üzrə müsabiqənin qısa siyahısına daxil edilib. Ümid edirik ki, Polşa şirkəti bu müsabiqədə qalib gələcək və Azərbaycan tarixində iz qoyacaq”, - səfir bildirib.
“Xüsusilə ötən əsrin əvvəllərində Polşa memarlarının Bakıda olması çox əlamətdar idi. Həmin vaxtlarda polşalı mühəndislər, memarlar, o cümlədən alimlər Azərbaycanın inkişafında fəal iştirak ediblər. Bakıda 300-dən çox bina, eləcə də, Bakı Şəhər İcra Hakimiyyətinin binası, İsmailiyyə (Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyəti) binası və digər məşhur binalar Polşa memarları tərəfindən layihələndirilib”, - diplomat bildirib.
Səfirin sözlərinə görə, Polşa Azərbaycanın Bakıdakı polyak memarlıq irsini qoruyub saxlamasını yüksək qiymətləndirir.