Rusiya və İran beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən “Şimal-Cənub” dəhlizinin inkişafında fəal əməkdaşlıq edəcəklər.
“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq maddə Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Sazişdə yer alıb.
“Razılığa gələn tərəflər Rusiya Federasiyası və İran İslam Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı sahəsində fəal əməkdaşlıq edirlər”, - sənəddə deyilir.
Qeyd olunur ki, bu cür qarşılıqlı fəaliyyətə bu ölkələrdən gələn malların üçüncü ölkələrin bazarlarına təşviqi, eləcə də nəqliyyat dəhlizləri üzrə həm ikitərəfli əlaqələrdə, həm də onların ərazisindən tranzitlə daşınmanın maneəsiz inkişafı üçün şərait yaradılması daxildir.
Xatırladaq ki, dekabr ayında Azərbaycan və Rusiya arasında Şimal-Cənub dəhlizi ilə tranzit yük daşımaları, o cümlədən dəmiryol daşımalarının inkişafı üçün əməkdaşlığı nəzərdə tutan Saziş imzalanıb. Sazişin məqsədi dəmiryol infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən etmək və Şimal-Cənub dəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır. Bu Saziş üzrə əməkdaşlıq sayəsində dəmiryol nəqliyyatına yeni yüklərin cəlbi stimullaşdırılacaq və daşıma həcmlərinin artım və dəmiryol nəqliyyatı infrastrukturunun inkişaf tempi balanslaşdırılacaq.
Paralel olaraq dekabr ayında ADY rəhbərliyi İrana səfər edərək bu ölkənin dəmiryol rəsmiləri ilə görüşüb və İranın Astara şəhərində yerləşən terminalın inkişafı ilə bağlı əsas mərhələləri və icra müddətlərini, terminalda həyata keçirilən işlərin 2025-ci ilin sonunadək başa çatdırılmasını, yeni əməkdaşlıq sahələri və maliyyələşdirmə planlarını müzakirə edib. Görüşdə Azərbaycan və İran ərazilərində yerləşən Astara terminallarının idarəçiliyini həyata keçirən “Cənub Yük Terminalı” MMC-nin fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət yetirilib.
2024-cü ildə "Azərbaycan Dəmir Yolları" QSC-nin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların həcmi 2023-cü illə müqayisədə 28 % artaraq 814 min ton təşkil edib.