Rəhman Hümmətov: “Abşeronda inteqrasiya olunmuş nəqliyyat sisteminin qurulmasına ehtiyac var"

Rəhman Hümmətov: “Abşeronda inteqrasiya olunmuş nəqliyyat sisteminin qurulmasına ehtiyac var" Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkədə nəqliyyat sahəsində aparılan işlər, mövcud çətinliklərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə “Report”a müsahibə verib.
İnfrastruktur
29 Aprel , 2022 09:51
Rəhman Hümmətov: “Abşeronda inteqrasiya olunmuş nəqliyyat sisteminin qurulmasına ehtiyac var

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkədə nəqliyyat sahəsində aparılan işlər, mövcud çətinliklərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə “Report”a müsahibə verib.

– Artıq iki aydan çoxdur ki, Ağdam və Şuşaya müntəzəm avtobus reysləri təşkil edilir. Bir neçə dəfə hava şəraiti ilə bağlı reyslərdə gecikmələr yaranıb. Bu isə rentabelliklə bağlı məsələləri ortaya çıxarır. Ağdam və Şuşaya avtobus reyslərinin təşkili ilə bağlı vəziyyət necədir?

İlk növbədə qeyd etmək istərdim ki, ərazilərimizin işğaldan azad edilməsindən sonra bərpa işlərinin aparılması ölkə başçısının müəyyən etdiyi gündəliyin mühüm tərkib hissəsidir. Cənab Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, Azərbaycanda münaqişədən sonrakı inkişafla bağlı bütün layihələr, o cümlədən yol infrastrukturunun yenidən qurulması həyata keçirilir. Aparılan genişmiqyaslı işlərin nəticələrindən biri də Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus səfərlərinin təşkilidir.

Bu il yanvarın 24-dən indiyədək işğaldan azad olunmuş ərazilərə 100-dən artıq müntəzəm avtobus reysi həyata keçirilib. 5 minə qədər sərnişin Ağdam və Şuşaya səfər edib. Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşdirilməsi, habelə pandemiya şəraitində yoluxma risklərinin minimuma endirilməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Kəskin hava şəraiti nəzərə alınaraq, həmçinin təhlükəsizliyin təmin olunması məqsədilə iki dəfə sərnişinlərin Şuşada qalmalarına və daha sonra rahat şəkildə geri dönmələrinə şərait yaradılıb. Onların Şuşada yerləşdirilməsi və qidalanması dövlət hesabına təmin edilib.

Həmçinin bildirməliyəm ki, bu daşımaların iqtisadi modelinin müəyyən edilməsi üçün işlər aparılıb. Tələbat nəzərə alınaraq vaxtaşırı marşrutların qrafikində də dəyişiklik edilib. Daşımaları özəl şirkət həyata keçirir və vaxtlı-vaxtında keyfiyyətlə yerinə yetirir. Bu günə qədər daşıyıcının rentabelliklə bağlı müraciəti olmayıb.

– Azad edilmiş digər ərazilərə oxşar reyslərin təşkili planda varmı?

­Əlbəttə, azad edilmiş digər ərazilərə də oxşar reyslərin təşkili nəzərdə tutulub və bu istiqamətdə hazırda işlər davam etdirilir. Dövlət Avtomobil Nəqliyyatı Xidməti artıq Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarıb. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərin nəqliyyat inteqrasiyasını təmin etmək üçün əlaqələndirici marşrutlar üzrə müsabiqələrin keçirilməsi nəzərdə tutulub. Belə ki, Əhmədbəylidən keçməklə Bakı – Horadiz marşrutu da müsabiqəyə çıxarılıb. Bilirsiniz ki, Əhmədbəyli – Şuşa marşrutu fəaliyyət göstərir.

Qeyd etməliyəm ki, ilkin olaraq daşımaların və sərnişinlərin təhlükəsizliyi, infrastruktur nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının yaradılması məqsədəuyğun hesab edilib. İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyəti genişləndiriləcək, gələcəkdə yaranacaq tələbata uyğun olaraq digər istiqamətlər üzrə də mərhələli şəkildə təmin ediləcək.

Fürsətdən istifadə edərək daşıyıcıları elan olunmuş müsabiqələrdə aktiv iştirak etməyə dəvət edirəm. Daşıyıcılara yardım üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətində “Daşıyıcı bələdçisi” xidməti də yaradılıb.

– Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin olmasına baxmayaraq hələ də bir sıra regionlara hərəkət edən nəqliyyat vasitələri şəhərin digər nöqtələrində toplaşır. Bunu aradan qaldırmaq üçün hansı addımlar atılır?

Təəssüf ki, belə hallar var. Regionlara hərəkət edən nəqliyyat vasitələrinin avtovağzal kompleksindən kənarda – şəhərin müxtəlif nöqtələrində toplaşması uzun illər ərzində yaranmış bir problemdir və bunu aradan qaldırmaq üçün müxtəlif istiqamətlərdə işlər aparırıq. İlkin olaraq, avtovağzalların, ümumiyyətlə şəhərlərarası sərnişindaşıma sahəsinin monitorinqini keçirdik. Nəticədə ciddi nöqsanlar aşkar edildi. Avtovağzalların işində səmərəliliyin artırılması ilə bağlı tədbirlər planı hazırladıq. Həmin tədbirlər planına əsasən respublika ərazisində, eləcə də Bakı şəhərinin müxtəlif ərazilərində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin dayandırılması üçün aidiyyəti üzrə müraciət olunması nəzərdə tutulur.

Eyni zamanda, avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qanunsuz fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə reydlər keçirir. Bu reydlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Onu da bildirmək istəyirəm ki, aparılan sistemli tədbirlər nəticəsində Şirvan şəhərində qeyri-qanuni fəaliyyət göstərən avtovağzalın, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qanunsuz taksi dayanacaq yerinin fəaliyyəti dayandırılıb. Sərnişin axını intensiv olan Lökbatan dairəsində Bakı – Cənub Avtostansiyasının pasportlaşdırılmasına başlanılıb.

Bu istiqamətdə işlər davam etdiriləcək, sərnişindaşıma sahəsində elektron xidmətlərin tətbiq edilməsi və rəqəmsal transformasiya təmin ediləcək.

– Azərbaycanda uzun müddətdir həllini gözləyən problemlərdən biri də taksi xidməti ilə bağlıdır. Bazarda rəqabət böyük, qiymətlər ucuzdur. Amma keyfiyyət ürəkaçan deyil. Taksi xidmətinin tənzimlənməsi üçün nazirlik hansı addımları atmağı düşünür?

Məlumdur ki, taksi xidməti üzrə bir sıra çatışmazlıqlar mövcuddur. Bu sahədə əsas problemlər taksi sürücülərinin aşağı gəlirliliyi, iqtisadi əsası olmayan tariflər, haqsız rəqabət, xidmət keyfiyyətinin zəifliyi ilə bağlıdır. Belə halların aradan qaldırılması üçün taksi fəaliyyəti tənzimlənməli, qanunvericilik təkmilləşdirilməli və səmərəli nəzarət mexanizmləri yaradılmalıdır.

Qeyd etməliyəm ki, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımaların liberallaşdırılması, daşıyıcılara daha əlverişli şəraitin yaradılması məqsədilə “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanına əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına lisenziya alınması tələbi ləğv olunub. Sahibkarlar üçün belə əlverişli şəraitin yaradılması müvafiq sahədə təklif bolluğu yaradıb, əhalinin məşğulluğuna müsbət təsir edib. Amma bəzi daşıyıcılar mövcud şəraitdən sui-istifadə hallarına yol verir, mövcud qanunvericiliyin tələblərinə riayət etmir, həmçinin xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Taksi minik avtomobilləri ilə daşımalarda tariflər dövlət tərəfindən tənzimlənmir və daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda fəaliyyət göstərən taksi operatorları kəskin rəqabət şəraitində qiyməti formalaşdırır.

Ümumilikdə avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar sahəsinə kompleks yanaşma tələb olunur və məqsədimiz avtomobil nəqliyyatı sahəsində bütün növ daşımaları əhatə edəcək institusional tədbirlərin həyata keçirilməsidir.

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılıb. Nazirlik Fərmanın icraçısı olaraq avtomobil nəqliyyatı xidmətlərinin daha yüksək səviyyəyə çatdırılması məqsədilə bir sıra əhəmiyyətli tədbirlərin görülməsini planlaşdırır. Bunlardan biri də taksi xidmətinin yeni modelinin yaradılmasıdır. Bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübə də daxil olmaqla ciddi araşdırmalar aparmışıq. Bununla yanaşı, beynəlxalq məsləhətçilər də cəlb edilməklə “Vahid Nəqliyyat və Logistika üzrə Milli Strategiya” sənədini hazırlamışıq. Strategiya sənədində müvafiq sahə üzrə fəaliyyət planları, konsepsiya, həmçinin tariflərlə bağlı məsələlərin həlli istiqamətində işlərin görülməsi də nəzərdə tutulur. Hazırda sahə üzrə idarəetmənin təkmilləşdirilməsi və islahatların aparılması ilə bağlı bir sıra normativ aktların layihələri hazırlanıb və aidiyyəti dövlət qurumlarında baxılmaqdadır. Müvafiq razılaşmalardan sönra hökumət tərəfindən qəbul ediləcək qərarların icrası istiqamətində əməli işlər həyata keçiriləcək.

– Paytaxtda və digər iri şəhərlərdə vahid ödəmə sisteminin, yaxud plastik bank kartları ilə ödəmənin təşkili niyə yubanır?

Şəhərdaxili, rayondaxili müntəzəm marşrutlar üzrə sərnişin daşıyan avtobuslarda gediş haqqının elektron qaydada ödənilməsinin təmin edilməsi istiqamətində son illərdə bir sıra addımlar atılıb. Lakin etiraf etmək lazımdır ki, bu işlər hər birimizi tam qane edəcək sürətlə həyata keçirilmir. Paytaxtda vahid ödəmə sisteminin təşkili hələ başa çatmayıb.

Vurğulamaq istəyirəm ki, bu sahədə yubanmaya “COVID-19” pandemiyası da ciddi təsir göstərib. Pandemiyanın iqtisadi cəhətdən ən çox zərər vurduğu sahələrdən biri ictimai nəqliyyatdır. Bu amilləri nəzərə alaraq, Nazirlər Kabinetinin Qərarı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müntəzəm şəhərdaxili, rayondaxili sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı təkliflərin təqdim edilməsi tapşırığı verilib. Daşıyıcıların əsasən fərdi sahibkarlardan ibarət olması, görüləcək işin həcmi, texniki xüsusiyyəti, eyni zamanda böyük maliyyə vəsaiti və müəyyən vaxt tələb edildiyi nəzərə alınaraq respublika üzrə müvafiq sistemin iri şəhərlərdən başlayaraq mərhələli şəkildə tətbiqi üzrə təkliflər hazırlayaraq təqdim etmişik. Hazırda məsələyə baxılmaqdadır və təkliflər məqsədəuyğun hesab edildiyi təqdirdə icrası ilə əlaqədar konkret işlərin görülməsinə başlanılacaq.

Onu da qeyd edim ki, şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarında biletin onlayn qaydada əldə edilməsi üçün yaxın vaxtlarda “biletim.az” portalının istifadəyə verilməsi nəzərdə tutulur.

– Azərbaycan Prezidentinin Fərmanı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib. Nazirlik olaraq paytaxtda və ətraf ərazilərdə ictimai nəqliyyatın tənzimlənməsi ilə bağlı təklifləriniz nədir?

Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni Bakı Nəqliyyat Agentliyi həyata keçirir. Ölkə üzrə bu sahədə dövlət siyasəti və tənzimləməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi ictimai nəqliyyatın tənzimlənməsi, sərnişindaşıma sahəsinə nəzarət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətlərinə aiddir. Biz sahəvi nazirlik olaraq konseptual yanaşmanın tərəfdarıyıq. İctimai nəqliyyatın tənzimlənməsi üçün elə bir dayanıqlı model qurulmalıdır ki, həm sərnişinlərin tələbatı ödənilsin, həm daşıyıcıların maraqları qorunsun, həm də göstərilən xidmətlərin qiyməti əhali üçün uyğun olsun. Bu sahəyə investisiyaların cəlb edilməsi və dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində dövlət dəstəyinin əhəmiyyəti nəzərdən keçirilir.

Eyni zamanda paytaxtda yaşayan əhalinin sıxlığı nəzərə alınaraq Bakı şəhəri daxil olmaqla Abşeron yarımadasında inteqrasiya olunmuş nəqliyyat sisteminin qurulmasına ehtiyac var.

Ümumilikdə bir sıra məsələlərin respublika miqyasında, müasir texnologiyaların tətbiqi ilə, sosial və iqtisadi əhəmiyyət kəsb edən vahid sistem əsasında icra edilməsini zəruri hesab edirik.

Paytaxtda ən böyük problemlərdən biri də parklanma yerləri ilə bağlıdır. Bu isə qanunsuz parklanmaya və milyonlarla manat vəsaitin bu yolla kimlərinsə cibinə axmasına səbəb olur. Problemin həllini nədə görürsünüz?

Bundan əvvəlki sualınızla əlaqədar bildirdim ki, bir sıra layihələrin icrasına ümumrespublika miqyasında baxılmasını zəruri hesab edirik. Parklanma yerlərinin təşkili və idarə edilməsi də ictimai nəqliyyatın tənzimlənməsi kimi ümumi yanaşma tələb edilən ən vacib məsələlərdəndir.

Problemin həllini “Ağıllı şəhər” konsepsiyasının tərkib hissəsi kimi “ağıllı” nəqliyyat sistemlərinin yaradılmasında görürük. İnnovativ həllərin və nağdsız ödənişlərin tətbiqi şəffaflığın yaranmasına və sahənin inkişafına töhfə verəcək.

Heç kəsə sirr deyil ki, hər bir şəhər üçün küçə parklanma yerləri məhdud resursdur. Bu sahədə düzgün tənzimləmələr aparılmalı, yeni parkinq yerləri müəyyənləşdirilməlidir. Bir çox ölkələrdə parklanma ilə bağlı vahid informasiya sistemi əsasında təşkil edilmiş texniki həllər müvəffəqiyyətlə tətbiq edilməkdədir. Sistemin tətbiqi nəticəsində müvafiq prosedurların və ərazilərdən asılı olaraq tariflərin tətbiqi, məlumatlandırma və monitorinq sistemlərinin qurulması, o cümlədən sosial əhəmiyyət kəsb edən pullu və pulsuz parklanma yerlərinin fəaliyyətinin təmin edilməsi mümkündür.

Bizim məqsədəuyğun hesab etdiyimiz sistem özündə parklanma yerlərinin vahid elektron reyestrinin yaradılması, vətəndaşlara və müəssisələrə parklanma yerlərindən istifadə imkanları barədə real vaxt rejimində və mərkəzləşmiş qaydada məlumatların təqdim olunması, istifadə haqlarının müasir ödəniş üsulları vasitəsilə həyata keçirilməsi, parklanma sahəsində abonement xidmətlərinin təşkil edilməsi və s. kimi müasir texnoloji həlləri birləşdirir.

Azərbaycanda Şimal və Cənubu birləşdirən yollar Abşeron yarımadasından keçir. Paytaxtın yükünü azaltmaq üçün bu istiqamətlərdə alternativ yolların çəkilməsi ilə bağlı təkliflər tez-tez gündəmə gəlir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məsələyə münasibəti necədir?

Son illər ölkənin nəqliyyat infrastrukturuna xeyli investisiya qoyulub. Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında olduğu kimi, respublikamızın digər ərazilərində də əvvəlki illərdə icrasına başlanılan və hazırda davam edən yol infrastrukturu layihələri həyata keçirilir.

Paytaxtın yükünü azaltmaq üçün yollarda əlaqəliliyin inkişaf etdirilməsi üçün əlavə yollar çəkilə bilər. Əlaqəliliyin artırılması həm ticarət, həm də turizm sahəsinə müsbət təsir göstərəcək. Həmçinin alternativ nəqliyyat vasitələrindən istifadə edərək avtomobil yollarının yükünü azaltmaq mümkündür. Məsələn, dəmir yolu nəqliyyatı sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, ölkənin dəmir yolları şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi və yenilənməsi istiqamətində intensiv işlər aparılıb. Şəhərlərarası yük və sərnişindaşımada dəmir yolunun payının artırılması ilə sıxlığın qarşısını qismən almaq olar.

Son xəbərlər

Orphus sistemi