Qax rayonunun Sarıbaş kəndinə gedən yol texnikalarla qardan təmizlənib, gediş-gəliş bərpa olunub.
Bu barədə "Report"un Şimal-qərb bürosuna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı Yol İstismarı MMC-dən məlumat verilib.
Bildirilib ki, rayonun ən ucqar, dəniz səviyyəsindən 1 800 metr yüksəklikdə yerləşən Sarıbaş kəndinə qədər olan 7 km-lik məsafə qardan təmizlənib.
İlisu kəndindən Sarıbaş kəndinə qədər olan 7 km məsafə əraziyə cəlb olunan ağır texnikalar vasitəsilə dünən təmizlənib:
"Sarıbaşa qədər olan yol dağlıq ərazidən keçdiyi üçün yolun açılmasında bəzi çətinliklər yaranıb. Buna baxmayaraq avtomobillərin və kənd sakinlərinin hərəkətini təmin etmək üçün nəzərdə tutulan yol qardan təmizlənib".
Qeyd edək ki, Sarıbaş kəndində qarın hündürlüyü 95 sm-ə çatıb.