Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına bu ilin sonunadək yatırılacaq özəl investisiyaların ümumi həcmi 300 milyon manat olacağı gözlənilir.
"Report" xəbər verir ki, bunun "Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov bu gün Bakıda işinə başlayan Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisi və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin açılışında deyib.
"Xarici podratçıları və investorları cəlb etməklə Qarabağ üçün investisiyaların həcmi xeyli arta bilər: "Rebuild Karabakh" sərgisinin əsas məqsədi də budur. Təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır".
F.Məmmədov qeyd edib ki, ikinci dəfə keçiriləcək "Rebuild Karabakh" sərgisi yeni şirkətləri öz sıralarına qəbul edərək müsbət dinamika nümayiş etdirməsi xüsusilə qürur hissi oyadır: "Hazırda ölkə rəhbərliyinin nəzarəti altında işğaldan azad edilmiş ərazilərdə Qarabağın, xüsusilə Şuşa şəhərinin tarixi simasını bərpa etmək məqsədilə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib. 2022-ci ilin birinci yarısında əsas kapitala (binaların, infrastrukturun, sənaye obyektlərinin tikintisi) və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına yönəldilən investisiyaların ümumi həcmi 1,76 milyard manat təşkil edib".
O vurğulayıb ki, bütün bunlar sərginin aktuallığını bir daha təsdiqləyir:"Onu da məmnuniyyətlə bildirmək istəyirəm ki, biz ötən il imzalanmış memorandum çərçivəsində Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığı davam etdirəcəyik və buna əsasən iştirakçı şirkətlərin qeydiyyat haqlarının bir hissəsi Qarabağ Dirçəliş Fonduna köçürüləcək. Fonda ianə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı tapşırıqların icrası üçün əlavə dəstək olacaq. "Rebuild Karabakh" sərgisinin işgüzar proqramı Qarabağ və Şərqi Zəngəzur bölgələrinin tikinti və investisiya potensialını müzakirə etmək üçün yaxşı fürsət yaradacaq. Beləliklə, 19 oktyabr tarixində KOBİA ilə birgə təşkilatçılığı ilə Qarabağda biznes və investisiya imkanları mövzulu panel müzakirəsi keçiriləcək. Həmin gün Qarabağ Dirçəliş Fondun təşkilati dəstəyi ilə "Qarabağda Urbisid" fotosərgisinin nümayişi baş tutacaq".
Sərginin açılış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib ki, şəhərsalma sahəsində bu cür sərgilərin keçirilməsi böyük əhəmiyyət kəsb edir:"Sərgilər tikinti-quruculuq işlərində yeni yanaşmaların öyrənilməsinə, habelə dünyanın müxtəlif ölkələrində sahə üzrə mütəxəssislərin şəbəkələşməsinə imkan yaradacaq. Sevindirici haldır ki, İnşaat Sərgisi hər il daha çox yerli və beynəlxalq iştirakçıların marağına səbəb olur. Belə ki, bu il sərgilər ötən illə müqayisədə ekspozisiyada 10 % artım nümayiş etdirir".
Onun sözlərinə görə, İnşaat Həftəsində dünyanın 17 ölkəsindən 300-dən çox şirkət iştirak edir. İştirakçılar arasında həm daimi, həm də yeni şirkətlər var. Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İran, Rusiya və Türkiyə milli və regional pavilyonları təmsil edir.
Sərgi oktyabrın 21-ə qədər davam edəcək.