Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta dəhliz) BMT standartları əsasında imkanlarının genişləndirilməsi təmin olunmalıdır.
"Report" xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Badriddin Abidov Bakıda keçirilən "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda baş tutan SPECA 2023 İqtisadi Forumunda deyib.
"Biz fəal şəkildə regionun nəqliyyat imkanlarının genişləndirilməsi yönündə fəaliyyət aparırıq. Belə ki, Şərq-Qərb, Şimal-Cənub marşrutları üzrə strateji layihələr həyata keçiririk. Bu kontekstdə Çin-Qırğızıstan-Özbəkistan, Özbəkistan-Əfqanıstan-Pakistan dəmir yolu xətlərinin tikintisi nəzərdə tutulur. Bunun sayəsində əmtəələrin tranziti daha da artacaq. Biz eyni zamanda Orta dəhlizin imkanlarının genişləndirilməsini dəstəkləyirik",- deyə o qeyd edib.
Ticarətin sadələşdirilməsinin vacibliyini vurğulayan nazir müavini ölkəsinin gömrük sahəsində lazımsız yubanmaların aradan qaldırılmasına çalışdığını, gömrük prosedurlarının sadələşdirilməsi yönündə iş apardığını diqqətə çatdırıb:
"Son dövrlərdə SPECA proqramı aydın şəkildə göstərdi ki, çoxtərəfli dialoqun aparılması yönündə böyük effektivlik əldə olunub. İştirakçı ölkələrin dünya iqtisadi münasibətlərinə inteqrasiyası, çoxtərəfli ticarət sisteminin qurulması və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində nəticələr əldə edib".
B. Abidov bildirib ki, son 25 il ərzində SPECA-nın iştirakçı ölkələrinin ümumi daxili məhsulu 10 dəfə, qarşılıqlı ticarət isə 50 % artıb: "Ötən il Özbəkistanın SPECA ölkələri ilə ticarət dövriyyəsi 8 milyard ABŞ dollarına çatıb. Biz daha böyük göstəricilərə çata bilərik, çünki ölkələrimizin böyük potensialı var və onlar biznes üçün münbit şərait yaradırlar. Biz Özbəkistan olaraq ticarət, nəqliyyat, rəqəmsal transformasiya, məlumatların mübadiləsini, energetika, su resursları, innovasiyalar, texnologiyalar, ətraf mühit və gender bərabərliyi sahəsində əməkdaşlığın gücləndirilməsinin tərəfdarıyıq. Hazırda biz BMT-nin Avropa üzrə İqtisadi Komissiyası ilə bağlı yol xəritəsini hazırlamışıq, 2024-cü ilin aprel ayında isə ticarətin asanlaşdırılması mövzusunda beynəlxalq forum keçirəcəyik. Ticarət axını, investisiya və innovasiyalara maneə yaradan hazırkı geosiyasi məhdudiyyətlərə baxmayaraq SPECA ölkələri öz aralarında iqtisadi inkişafa və əməkdaşlığa aid olan sahələri müəyyən etməlidir və regionun inkişafı üçün fəaliyyətlərini əlaqələndirməlidir. Bugünkü tədbir də bu mənada fikir mübadiləsini təmin edən müvafiq platformaya çevrilib".