Oğuzda çay məcraları təmizlənir, yeni suvarma mövsümünə hazırlıq işləri aparılır.
Bu barədə "Report"un Şimal-qərb bürosuna Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ilin əvvəlindən etibarən çay yataqlarında idarənin maşın mexanizmləri ilə selə qarşı mübarizə məqsədi ilə çay yataqlarında təmizləmə işləri aparılıb.
Bununla yanaşı, 2023-cü ildə qəzalı vəziyyətə düşmüş Daşağılçaydakı, Bucaq, Muxas kəndlərinin əkin sahələrini qoruyan mühafizə divarı tam təmir edilib. Filfilli kəndinin sel daşqınlarından qorunması məqsədilə Qalaçayın sağ sahilində 100 p/m uzunluğunda mühafizə divarının tikintisinə başlanılıb və ilin sonuna kimi işlər başa çatdırılacaq.
Su itkisinin qarşısının alınması və əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədi ilə kanal və kollektorlarda lildən təmizləmə işləri aparılıb.
Bundan başqa, rayon ərazisində əhalinin suya olan tələbatı ödəmək məqsədilə qazılmış 23 quyuda təmir işləri aparılıb, 3 ədəd quyunun 2-də yuyulma işləri başa çatdırılıb, bir quyu isə yenidən qazılır. İlin sonuna kimi planda nəzərdə tutulmuş bütün işlər tam şəkildə başa çatdırılacaq.