Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Qazaxıstan və Türkmənistandakı dəniz limanları üçün qovşaq rolunu oynayır.
"Report" xəbər verir ki, bunu "Alliance Multimodal" logistika şirkətinin baş direktoru Natiq Cəfərov "Qara dəniz-Xəzər Logistika Forumu 2024" çərçivəsində "Qara və Xəzər dənizlərində beynəlxalq nəqliyyat dəhlizləri" sessiyasında deyib.
Onun sözlərinə görə, BTQ strateji nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirməkdə davam edir. "O, artıq Qazaxıstan və Türkmənistandakı dəniz limanları üçün qovşaqdır. BTQ dəmir yolu marşrutu Mərkəzi Asiya, Qafqaz və Avropa arasında yüklərin tranziti üçün əsas halqadır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Xəzər dənizinin əsas limanlarını qlobal bazarlarla birləşdirən önəmli mərkəzdir”.
Xatırladaq ki, BTQ ilə yükdaşıma bu il mayın 20-dən bərpa edilib, həmin gün 20 konteynerdən ibarət ilk yük qatarı Abşeron Logistika Mərkəzindən Gürcüstan istiqamətində hərəkət edib. BTQ-nin Gürcüstan hissəsinin təmiri nəticəsində yükdaşımaların həcminin ildə 5 milyon tona çatması nəticəsində dəmir yolu xəttinin Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevrilməsi planlaşdırılır.
Gələn ildən dəmir yolu xəttində daha intensiv yükdaşımalar həyata keçiriləcəyi gözlənilir. Artıq Çindən göndərilən yüklərin BTQ ilə nəql edilməsinə dair razılıq əldə edilib. Avqustun 13-də "Azərbaycan Dəmir Yolları" QSC ilə "Gürcüstan Dəmir Yolları" SC arasında yaradılan “BTKI Railways” MMC adlı birgə müəssisə BTQ dəmir yolu xəttinin Marabda-Kartsaxi hissəsinin infrastrukturunun istismarı və idarə edilməsini təmin etməklə yanaşı, BTQ ilə yükdaşımaların səmərəli təşkili və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək.
Bu il dəhliz vasitəsilə 190 blok qatarı keçib, ilin sonuna qədər 250-dən çox blok qatarının göndərilməsi gözlənilir. Gələn ildən ayda 50 blok qatarının dəhlizlə göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, BTQ-nin tikintisinə 2008-ci ildə başlanılıb və dəmir yolu xətti 2017-ci il oktyabrın 30-dan istismara verilib.