İraqın milli aviadaşıyıcısı Heydər Əliyev Beynəlxalq Aeroportuna daha bir istiqamətdə müntəzəm reyslər yerinə yetirməyə başlayır.
"Report" bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir.
Məlumata görə, bu gündən “Iraqi Airways” həftədə bir dəfə Kərkük-Bakı-Kərkük marşrutu üzrə uçuşlar həyata keçirəcək.
İraq aviadaşıyıcısının təyyarəsi yerli vaxtla saat 13:37-də Bakıda uğurla eniş edib.
“Bakı hava limanı bütün sərnişinləri üçün xoş və təhlükəsiz mühit yaratmağa çalışır və geniş xidmət növləri təklif edir. Azərbaycan və İraq arasında hava əlaqələrinin genişləndirilməsi iki ölkə arasında münasibətlərin gələcək inkişafına mühüm töhfə verəcək”, - deyə aeroportun direktoru Teymur Həsənov bildirib.
Xatırladaq ki, Azərbaycan və İraq paytaxtları arasında ilk birbaşa reys artıq 2023-cü il noyabrın 19-da həyata keçirilib.
Uçuşlar haqqında daha ətraflı məlumatla sərnişinlər aviaşirkətin www.flyiraqiairways.com rəsmi saytında tanış ola bilərlər.
Bu gün İraqın Kərkük şəhərindən ilk dəfə Bakıda aviareys həyata keçirilib.
“Report” xəbər verir ki, bunu Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, yaxın gələcəkdə Bəsrə-Bakı və Ərbil-Bakı istiqamətlərində də uçuşlar yerinə yetiriləcək.