“KamAZ”ın Cəbrayıldakı mərkəzinin tikintisinin yekunlaşacağı tarix açıqlanıb

İnfrastruktur
  • 18 noyabr, 2021
  • 15:35
“KamAZ”ın Cəbrayıldakı mərkəzinin tikintisinin yekunlaşacağı tarix açıqlanıb

“Bu ilin oktyabrın 4-də “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “KamAZ” ASC-nin “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə birgə təməlini qoyduğu servis mərkəzinin tikintisi 2022-ci ildə yekunlaşacaq”.

Bunu “Report”a “KamAZ” ASC-nin baş direktor müavini Rüstəm Şəmsəddinov bildirib.

Onun sözlərinə görə, hazırda serviz mərkəzinin tikintisi üçün sənədlərin əldə edilməsi, torpaq sahəsinə icazələrin verilməsi ilə bağlı proseslər davam edir: “Üstəlik ərazidə minalardan təmizləmə işləri aparılır. Torpaq üçün icazə sənədinin yaxın bir zamanda verilməsi planlaşdırılır. Beləliklə, bizim serviz mərkəzini necə tikəcəyimizə dair artıq baxışımız mövcuddur".

R. Şəmsəddinov əlavə edib ki, mərkəzdə “KamAZ” ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcək: “Servis mərkəzi kifayət qədər böyük olacaq, biz mərkəzə ən yaxşı avadanlığı yerləşdirəcəyik”.

Xatırladaq ki, “KamAZ” servis mərkəzinin ümumi ərazisi 1,5 hektar olacaq. Mərkəzdə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu, menecer şöbələri, təmir zonası ustalarının ofisləri və ehtiyat hissələri anbarının yerləşəcəyi inzibati bina, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət üçün qulluq blokları, təmir sexləri, avtoyuma və dayanacaq fəaliyyət göstərəcək. Mərkəz bu ilin noyabrın 4-də "Kamaz Lizinq Azərbaycan" MMC olaraq qeydiyyatdan keçib. Şirkətin nizamnamə kapitalı 1 milyon 699 min manat (təxminən 1 milyon ABŞ dolları), qanuni təmsilçisi isə Rofel Qasım oğlu Qurbanovdur.

44 filmi