İnsanların üz çevirdiyi gözəllik - səbəb yolsuzluqdur - REPORTAJ

İnsanların üz çevirdiyi gözəllik - səbəb yolsuzluqdur - REPORTAJ Lənkəranın dağ kəndlərinə gedən yollar yarıda kəsilir.
İnfrastruktur
8 İyun , 2021 16:26
İnsanların üz çevirdiyi gözəllik - səbəb yolsuzluqdur - REPORTAJ

Lənkəranın dağ kəndlərinə gedən yollar yarıda kəsilir.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, sakinləri öz doğma yurd-yuvalarından uzaqlaşdıran səbəb yolların bərbad vəziyyətdə olmasıdır. Söhbət rayon mərkəzindən aralıda yerləşən dağ kəndlərindən gedir. Biləsər, Alazəpin, Seliqavci və Vıy kəndləri bir ərazi vahidliyinə aid kəndlərdir. Rayon mərkəzinə ən yaxın olan və yolu qismən təmir olunan kənd Biləsərdir. Nümayəndəlikdə təxminən 2 minə yaxın əhali qeydiyyatda olsa da, onların çoxu kənddə yaşamır. Bir neçə il əvvəl isə bu kəndlərin əhalisi 5 mindən çox olub. Bir sözlə, azacıq imkan düşən kimi kənddən çıxan geri dönmək istəmir.

Gün ərzində bu yolu ən yaxşı halda bir dəfə gedə bilərsən. Geri qayıtmaq üçün sabahı gözləməlisən. Çünki bu kəndə istədiyin vaxt deyil, yalnız müəyyən vaxtlarda, özü də xüsusi avtomobillərin köməyi ilə gedə bilərsən.

Payız-qış aylarında isə ən təcrübəli sürücü belə təhlükəni gözə alaraq yola çıxır. Hərçənd ki, bəzən bədbəxt hadisələrdən də qaçmaq mümkün olmur. Kənddə ağır xəstəsi olan və yaxud hər hansı bir fövqəladə hadisə zamanı, məsələn yanğın olanda heç kim 101, 103 xidmətinə zəng vurmur. Bilirlər ki, onsuz da gəlib çata bilməyəcəklər. Sakinlərin sözlərinə görə dəfələrlə olub ki, xəstə yarıyolda keçinib. Yolda tez-tez sürüşmələr, çökmələr baş verir. Yağıntılı havalarda yollar ümumiyyətlə keçilməz olur.

Gözəl təbiəti olsa da, bu yerlərə nəinki turistlər, heç yerli sakinlər gəlib çıxa bilmir. Mövcud potensialdan istifadə olunmadığı kimi, əhali dolanışıq üçün təsərrüfatla da məşğul ola bilmir. Çünki heç bir texnika kəndlərə gəlmir. Kəndlinin min bir əziyyətlə yetişdirdiyi məhsulu vaxtında bazara çıxarmaq olmur.

Sakinlər rabitə vasitəsi kimi mobil operatorların xidmətlərindən yararlanmağa çalışsalar da, bu da həmişə istənilən effekti vermir. Məktəblilərin onlayn şəkildə, internet üzərindən təhsilə cəlb olunmaları isə reallıqdan çox uzaqdır. Bir sözlə, yoldan başlayan problemlər həyatın bütün sahələrində özünü göstərir.

Aidiyyəti qurumlar 5 il əvvəl olduğu kimi yenə də yolların təmirinin gündəmdə olduğunu, daxili imkanlar hesabına müəyyən işlərin görüldüyünü deyir. Amma bu kəndlərin igid oğulları heç vaxt ayaq basmadıqları torpaqlara “Vətən”dir deyə canlarını fəda etdilər. Belə şəhidlərdən biri də Vətən Müharibəsi zamanı şəhid olmuş Alazəpin kəndindən olan Hadıyev Raqim Teymur oğludur. Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Raqim Hadıyev ölümündən sonra “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Məhz belə qəhrəmanlarımızın ailələrini, yaşadıqları torpaqları tanımaq, ziyarət etmək və abadlaşdırmaq da bizim borcumuzdur. Onların doğulduqları torpaqlarda ayağımızı yerə möhkəm basa bilməyimiz üçün “yollarına” hörmətlə yanaşmalıyıq.

Fotolar: Emin Mathers

Son xəbərlər

Orphus sistemi