Fransa şirkətləri Azərbaycanda içməli su və kanalizasiya layihələrinə maraq göstərir
- 08 aprel, 2022
- 13:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak edən Fransa şirkətləri ölkəmizdə içməli su və kanalizasiya sektorunda həyata keçiriləcək layihələrə də maraq göstərir.
"Report" xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin yaydığı məlumatda bildirilib.
“Azərsu” ASC-də Fransa Sahibkarlar Təşkilatı – "MEDEF İnternational"a üzv olan bir sıra şirkətlərin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə qurumun sədr müavini Etibar Məmmədov Azərbaycanda həyata keçirilən içməli və tullantı su layihələri barədə məlumat verib, bu sahədə dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb. Su təchizatı və kanalizasiya sektorunda Fransanın böyük təcrübəsinin olduğunu qeyd edən sədr müavini Fransa hökuməti və şirkətlərinin Azərbaycanda içməli su və kanalizasiya layihələrində iştirak etdiyini xatırladıb.
Fransa şirkətlərinin nümayəndələri təmsil etdikləri təşkilatlar barədə məlumat verib, “Azərsu” ASC ilə əməkdaşlığın perspektivlərindən danışıblar. Qeyd olunub ki, iki ölkə arasında bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak edən Fransa şirkətləri Azərbaycanda içməli su və kanalizasiya sektorunda həyata keçiriləcək layihələrdə də maraqlıdır.
Ötən müddətdə "MEDEF"ə daxil olan bir sıra şirkətlərin rəhbərləri ilə “Azərsu” ASC-də keçirilən görüşlər xatırlanıb, həyata keçirilən layihələrdə yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirildiyi nəzərə alınaraq bu sahədə fransız şirkətləri ilə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.