Əmlak Məsələləri Dövlət Komitəsi bu ilin I rübünün hesabatını verib

Əmlak Məsələləri Dövlət Komitəsi bu ilin I rübünün hesabatını verib Əmlak Məsələləri Dövlət Komitəsində bu ilin I rübündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
İnfrastruktur
15 Aprel , 2019 11:59
Əmlak Məsələləri Dövlət Komitəsi bu ilin I rübünün hesabatını verib
Report
0 : 00
0 : 00

Əmlak Məsələləri Dövlət Komitəsində bu ilin I rübündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, müşavirədə çıxış edən Komitə sədri Kərəm Həsənov bildirib ki, bu ilin əvvəlində istifadəyə verilmiş Əmlak Xidmətləri Məkanına indiyə qədər 50 minə yaxın vətəndaş müraciəti daxil olub. 

Bundan başqa, rüb ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ölkədə 42 hərrac keçirilib. Bu dövrdə 260-a yaxın dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Hesabat dövründə 4 müəssisənin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan olunub, 35 milyon manat investisiya qoyuluşu, eləcə də azı 600 yeni iş yerinin yaradılmasına dair tələblər irəli sürülüb. Dövlət əmlakının özəlləşmə prosesinin sürətləndirilməsinə və şəffaflığın təmin edilməsinə xidmət edən “Özəlləşdirmə portalı”na 3 ay ərzində 200 mindən çox baxış olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 2,3 milyonu ötüb. 

Ölkə prezidentinin müvafiq Fərmanı ilə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işi uğurla icra olunur. Hesabat dövründə 5 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb. Ümumilikdə isə 35 rayonda uçot işləri başa çatıb. Bu rayonlardan 26-da layihənin nəticələrinin təqdimatı keçirilib, 14 rayonunun məlumatları sistemə tam miqrasiya edilib.

Yeni yaradılmış Ünvan Reyestri İnformasiya Sisteminin 1-ci mərhələsi respublikanın şəhər və rayon mərkəzlərini özündə əks etdirməklə artıq başa çatdırılıb və aralıq bazası da olmaqla 17 683 küçə və prospekti, 1 276 076 ədəd giriş ünvanını əhatə edir. Hazırda ÜRİS-nin 2-ci mərhələsi olan kənd yaşayış məntəqələrinə ünvanların verilməsi və sistemə işlənməsi işləri görülür. Ölkədə beynəlxalq qaydalara uyğun qurulmuş ünvan sahəsində də yenilik olan “Ünvan portalı” cari ildə də vətəndaşların xidmətindədir.

Torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi üçün Peyk Nəzarət Sistemi qurulur. Bu sistem vasitəsi ilə əldə ediləcək peyk məlumatları torpaqların təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcəkdir. Hesabat dövründə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 504 hal üzrə inzibati protokollar tərtib edilib.

Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, xidmətlərdə sosial və innovativ amillərin gücləndirilməsi, rahatlıq və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Çıxarışların 1 iş günü müddətində verilməsi vətəndaşların əmlaklarını qeydiyyata almaq marağını artırır. 2019-ci ilin ilk rübündə ölkə üzrə 51 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Vətəndaşlara ünvanında qeydiyyat xidmətləri göstərən “Kütləvi çıxarış” və “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyaları əhatə dairəsini genişləndirməkdədir. Qeydiyyat sahəsində xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması üçün “əks zəng” xidməti və sosial sorğu həyata keçirilir.

Cari il ərzində də vətəndaş müraciətlərinə həssaslıqla yanaşılıb. 193 saylı Vahid Çağrı Mərkəzinin funksionallığı artırılıb, qeydiyyat və kadastrla bağlı müraciətlərin qəbulu xətləri yaradılıb. Komitənin sosial şəbəkələri və internet resursları vasitəsilə onlayn olaraq vətəndaşlar tərəfindən 6 minə yaxın müraciət daxil olub və cavablandırılıb. 

Son xəbərlər

Orphus sistemi