“Orta Dəhliz Çinin xarici ticarətinin inkişafına mühüm töhfə verir, bu ölkənin alternativ bazarlara çıxışını təmin edir”.
Bunu “Report”a açıqlamasında Sıçuan Universitetinin (Çin) müəllimi Faiq Ağabalayev bildirib.
Onun sözlərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) Çin üçün əhəmiyyəti təkcə ticarət və nəqliyyat əlaqələrinin intensivləşdirilməsində deyil, həm də ölkənin dənizə çıxışı olmayan regionlarının inkişafındadır:
"Çinin demək olar ki, bütün dənizə çıxışı olan regionları güclü iqtisadi göstəricilərə, dənizə çıxışı olmayan regionları isə zəif iqtisadi göstəricilərə malikdir. Bununla belə, bir neçə il ərzində Çin iqtisadi artıma nail ola bilib. Məsələn, Qansu, Sincan və Sıçuan əyalətləri bu ticarət yollarından istifadə sayəsində son 10 ildə təsirli iqtisadi artım nümayiş etdirib”.
F.Ağabalayev onu da vurğulayıb ki, Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Çinə səfərləri və onların Orta Dəhliz üzrə birgə işlərə maraq göstərməsi bu marşrutun daha intensiv inkişaf etdiriləcəyindən xəbər verir: "Çin və region ölkələri bu layihənin kommersiya səmərəliliyinin artırılmasında maraqlıdırlar".