Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması nəqliyyat sektorunun daha effektiv işləməsinə səbəb olacaq.
Bunu “Report”a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, son illərdə ölkədə bu sahənin inkişafı, dayanıqlılıq, etibarlılıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi standartlarına uyğunluğu baxımdan sistemli tədbirlər həyata keçirilib: “Nəqliyyat və kommunikasiya sahələri ölkə üçün xüsusi əhəmiyyətlidir. Bu sahələrin effektiv işləməsi üçün AZCON yaradılıb. Məqsəd dayanıqlı və rəqabətədavamlı fəaliyyətdir. Bununla da dövlət qurumlarının işi daha mərkəzləşdirilmiş formada olacaq. Ölkədə sərnişinlərin rahat və təhlükəsiz daşınması, müasir nəqliyyat xidmətlərinin təşkili məqsədilə Bakıda və bölgələrdə müasir avtovağzal kompleksləri inşa olunub. Bakıda avtobus marşrutları müsabiqəyə çıxarılır. Köhnə, istismara yarasız avtobuslar xəttdən çıxarılıb, yenisi ilə əvəz edilir. Ölkəyə 160 elektrobus gətirilib. AZCON-nun fəaliyyəti ilə bu tendensiya daha sürətli olacaq”.
Ekspertin sözlərinə görə, şəhər mobilliyi iqtisadi aktivlik yaradır: "Bu hərəkətlik daha sürətli olarsa iqtisadi aktivlik də bir o qədər artacaq, şəhər iqtisadiyyatına, ölkə iqtisadiyyatına müsbət qatqısı olacaq və bu iqtisadiyyatı hərəkətə gətirən məhz nəqliyyat qurumlarıdır. AZCON onlar üçün funksionallığı təmin edəcək".
R.Ağamirzəyev qeyd edib ki, iqtisadi-ticari əlaqələrin, mal-xidmətlərə sərbəst çıxışın təmin olunmasında beynəlxalq nəqliyyatın əlaqəli fəaliyyəti, müasir çağırışlara qarşı effektiv tədbirlərin görülməsi, prioritetlərin müəyyən edilməsi, daşımaları daha qlobal miqyasda və böyük həcmdə təmin edə bilən nəqliyyat sisteminin səmərəli istismarı mühüm məsələlərdəndir: “Prezident İlham Əliyev vurğulayıb ki, indiyə qədər dotasiya ilə işləyən qurumlar budan sonra dotasiyasız işləyəcək. AZCON-nun tərkibinə gəlir gətirən “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-lər kimi dövlət müəssisələri var. Holdinqin fəaliyyəti bu qurumların daha səmərəli işləməsinə gətirib çıxaracaq. Çünki Azərbaycanın fərqli nəqliyyat növləri üzrə təkliflər formalaşdırmaq kimi üstünlüyü var”.
“Ölkədə nəqliyyat sektorunun fəaliyyətinin daha səmərəli təşkili istiqamətində görülən işlər nəticəsində yük daşımalarının ümumi həcmi artıb. Belə ki, 2003-cü ildə ölkəmizdən avtomobil nəqliyyatı ilə 59 milyon 100 min ton həcmində yük daşınıbsa, 2023-cü ildə bu rəqəm 134 milyon 200 min ton olub”,- deyə əlavə qeyd edib.