Dərslərin başlaması mənzillərin kirayəsi bazarına necə təsir edib?

Dərslərin başlaması mənzillərin kirayəsi bazarına necə təsir edib? Ucuz kirayə evlərin sayı artıq məhdudlaşır
İnfrastruktur
100
29 Sentyabr , 2021 10:00
Dərslərin başlaması mənzillərin kirayəsi bazarına necə təsir edib?

Hər il avqust-sentyabr aylarında müxtəlif bölgələrdən tələbələrin Bakıya axın etməsi kirayə mənzil bazarında canlanma yaradır. Pandemiya dövründə təhsil ocaqlarının fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər kirayə mənzil bazarında durğunluğa səbəb oldu. Artıq təhsil müəssisələrinin fəaliyyətinə icazə verildikcə, kirayə mənzil bazarında canlanma yaranması məsələsi də gündəmə gəlir.

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev “Report” açıqlamasında tələbələrin ucuz kirayə ev tapmaqda çətinlik çəkdiyini bildirib:

Ucuz kirayə evlərin sayı artıq məhdudlaşır. Bu, tələbələrin gəlişi ilə əlaqəli deyil, söküntülərlə əlaqəlidir. Şəhərdə köhnə beşmərtəbəli binalar, fərdi həyət evləri var idi, hansı ki, bunlar ucuz evlər hesab olunurdu, onların böyük hissəsi sökülüb və sökülməkdə davam edir. Yaxın illərdə mərkəzdə tələbə üçün əvvəllər yararlı olan 100-150 manatlıq evlər olmayacaq. Çünki bunlar sökülür və yerində yeni binalar tikilir. Yeni tikili binalardakı mənzilin qiyməti ilə köhnə tikili binalardakı mənzilin qiymətində iki dəfəyə qədər fərq var. Yeni tikili binalarda mənzillər daha bahadır. Köhnə binada bir otağın qiyməti 300 manatdırsa, yeni tikili binada 500-600 manatdır”.

Ekspert tələbələrin ev tapmasına maneə törədən digər amillərə də toxunub:

“Təbələlər bu gün hər yerdə ev axtarır, amma tapa bilmirlər. Bu həm söküntü işləri ilə əlaqədardır, həm də dərslərin başlanması ilə bağlı qərarın bir qədər gec verilməsi ilə. Əvvəllər tələbələr gəlib avqust ayının ortasından ev axtarır, evin pulunu verib hansı tarixdə ora yerləşəcəklərini bildirirdilər. Amma indi dərslərin nə vaxt açılacağı dəqiq bilinmirdi. Digər tərəfdən, paytaxtda ev axtaranlar təkcə tələbələr deyil. Bölgələrdən iş üçün gələnlər də var. Onlar artıq həmin ucuz evlərin böyük hissəsini götürmüşdülər. Həmçinin Bakıda hər kəsin evi yoxdur. Ailələr böyüyür, uşaqlar ailə qurur, onların özlərinin ev problemi yaranır. Əvvəl tələbələr təxminən 150-300 manata qədər qiyməti olan evlər axtarırdılarsa, indi o evlər olmadığına görə tələbələr məcburən çox otaqlı mənzillərə üz tutur. Üç - dörd otaqlı, qiyməti 400-600 manat olan evlərə. Bu zaman əvvəlki kimi 2-3 tələbə yox, 6-8 nəfər birdən ev kirayələmək istəyir. Belə olanda da o evləri tələbələrə vermirlər. Biri var ev sahibi evi bir ailəyə versin, bir də var ki, 6-8 nəfərə. Bu zaman ev daha tez köhnəlir, təmirə ehiyac olur. Hazırda kirayə bazarında tələbələrin axtardığı evlər 200-300 manat yox, 400-600 manat civarında olan evlərdir. Bazarda ucuz evlərlə bağlı təkliflər çox az saydadır. Xırdalanda, Bakı ətrafı kəndlərdə evlər var. Amma onlar gediş-gəliş baxımından tələbələr üçün əlverişli deyil”.

“Adətən hər il iyundan avqusta qədər kirayə bazarında aşağı qiymətə evlərə tələbat olmadığına görə, təxminən qiymətlər 10-15 % enir. Amma avqust-sentyabr ayından yenə əvvəlki qiymətlər bərpa olur. Əslində kirayə bazarında elə böyük qiymət artımı mövcud deyil. Sadəcə tələb var, təklif yoxdur. Ev tapmaq çətinləşib. Bunun yeganə həlli yolu tələbə yataqxanalarının bərpasıdır”, - deyə E.Fərzəliyev bildirib.

Son xəbərlər

Orphus sistemi