Bu ilin yanvar-fevral aylarında Bakıda müntəzəm marşrut xətləri üzrə 80,7 milyon sərnişin səfəri qeydə alınıb.
Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Bundan başqa, məlumata görə, 2 ay ərzində özəl daşıyıcı şirkətlər paytaxta 62 ədəd yeni, müasir sərnişindaşıma tələblərinə cavab verən avtobuslar gətirib. Bunun sayəsində 4 müntəzəm marşrut xətti üzrə (49, 119, 135 və 199) sərnişindaşımaları yaxşılaşdırılıb. Sərnişin tələbatı nəzərə alınmaqla 10 marşrut xətti üzrə hərəkət sxemi optimallaşdırılıb. Nəticədə həmin xətlər üzrə gündəlik sərnişin səfər sayında 3 500-ə yaxın artım müşahidə edilməkdədir.
Yeni avtobusların alınması ilə yanaşı 200 ədəd nəqliyyat vasitəsinə xidmət göstərmək imkanına malik istehsalat bazası istifadəyə verilib. Sərnişindaşımalarda təhlükəsizliyin təmin olunması baxımından vacib amil hesab edilən sürücülərin peşəkarlıq səviyyəsinin artırılması məsələsi də diqqətdə saxlanılıb. Son iki ayda 94 nəfər sürücü Agentliyin Sürücü Təlim Mərkəzində təlimlərə cəlb edilib. Təlimi uğurla başa vuran sürücülərin hamısı “BakuBus” MMC-də işlə təmin edilib.