Belarus Dəmir Yolu (BDY) 2023-cü ildə Azərbaycana konteyner yükdaşımalarını 1,8 dəfə artırıb.
“Report” xəbər verir ki, bu barədə BDY-nin mətbuat mərkəzindən məlumat verilib.
Məlumata görə, BDY Belarus müəssisələrinin yüklərinin ixrac-idxal daşımalarının inkişafı çərçivəsində 2023-cü ildə Azərbaycana konteyner daşımalarını 2022-ci illə müqayisədə 1,8 dəfə artırıb, 2024-cü ilin ilk beş ayında isə artıq 270 min tondan çox yük göndərilib.
Qeyd edilib ki, yükgöndərənlər üçün ən cəlbedicisi Azərbaycan-İran sərhədindəki Astara sərhəd-keçid məntəqəsindən keçən quru marşrutdur və burada 2024-cü ilin ilk 5 ayı ərzində daşımaların həcmi təqribən 34 min ton təşkil edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çərçivəsində BDY Rusiya Dəmir Yolları və Azərbaycan Dəmir Yolları ilə birlikdə Belarus-Rusiya-Azərbaycan marşrutu üzrə konteyner daşımalarının təşkili üçün şərait yaradıb. Bu xidmət Belarus məhsullarını ən qısa müddətdə - yeddi gün ərzində dəmir yolu ilə Azərbaycana çatdırmağa imkan verir.