Balakəndə kənd yolu dağılıb, sakinlər şikayətçidir

Balakəndə kənd yolu dağılıb, sakinlər şikayətçidir Balakən rayonunun Qazbinə kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb və sakinlər üçün ciddi problemə çevrilib.
İnfrastruktur
27 Mart , 2024 13:22
Balakəndə kənd yolu dağılıb, sakinlər şikayətçidir

Balakən rayonunun Qazbinə kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb və sakinlər üçün ciddi problemə çevrilib.

Bu barədə "Report"un Şimal-qərb bürosuna yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistralından Qazbinə kəndinə qədər olan 3 kilometrlik yol tamamilə dağılıb.

"Kənddə 1500 nəfərə yaxın sakin yaşayır. Sakinlər bu vaxta qədər bir dəfə də olsun yola asfalt örtüyünün çəkilmədiyini bildiriblər. Daşlı-kəsəkli olan yolda yaranan çalalar avtomobillərin hərəkətinə maneə yaradır. Yağış yağdıqda piyadalar palçıqlı yolda çətinliklə hərəkət edirlər. Qış aylarında isə kəndə gəliş-gediş mümkünsüz olur", - deyə sakinlər qeyd ediblər.

Qazbinə, Şambulbinə, Qaracabinə və Salban kəndlərinin daxil olduğu Mahamalar kənd bələdiyyəsinin sədri Kamal Beknalov "Report"un yerli bürosuna bildirib ki, kəndin ümumi daxili yollarının uzunluğu 8 kilometrdir: "Hər il kəndin 3 kilometrlik mərkəzi yoluna və daxili yollarına daş-çınqıl tökülür və texnika vasitəsi ilə hamarlanır. Lakin yağan yağışlar nəticəsində çınqıl qatı yuyulur. Bununla belə, bu il Qazbinə kəndi yolunun asfaltlanması layihəsinin icrası nəzərdə tutulub".

Son xəbərlər

Orphus sistemi