Yanvarın 21-dən “BakuBus” MMC paytaxtdan Sumqayıt şəhərinə və əks istiqamətdə sərnişin daşımağa başlayacaq.
"Report" bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, bu xəttə buraxılacaq avtobuslar komfortlu nəqliyyat vasitələri olacaq. Dayanacaqlar Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Avtovağzal m/st, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı evlər y/k və Sumqayıt Avtovağzalıdır. Gedişhaqqi 80 qəpikdir. İnterval 11 dəqiqə, pik saatlar 7-8 dəqiqə təşkil edir.
Səhər Sumqayıtdan ilk çıxış saat 5:50-də, səhər Bakıdan ilk çıxış saat 6:30-da, axşam Bakıdan son çıxış saat 23:00-da, axşam Sumqayıtdan son çıxış isə saat 22:20-da olacaq. “BakıKart”ın balansını artırmaq üçün həm Bakı Beynəlxalq Avtovağzal Kompleksi, həm də Sumqayıt avtovağzalında ödəniş terminalları yerləşdirilib. Sərnişinlər, həmçinin “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlərini edə bilərlər.