Bakıda ​GUAM Ticarət və nəqletməyə yardım Layihəsinin Rəhbəredici Komitənin iclası keçirilib

Bakıda ​GUAM Ticarət və nəqletməyə yardım Layihəsinin Rəhbəredici Komitənin iclası keçirilib İclasın gedişatında iclasın gündəliyi və Rəhbəredici Komitənin 22-ci iclasının protokolu təsdiqlənib
İnfrastruktur
8 İyul , 2015 15:18
Bakıda ​GUAM Ticarət və nəqletməyə yardım Layihəsinin Rəhbəredici Komitənin iclası keçirilib

Bakı. 8 iyul. REPORT.AZ/ Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının Potensialın gücləndirilməsi üzrə Regional Ofisində GUAM-ın Ticarət və nəqletməyə yardım Layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 22-ci iclası keçirilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, iclasa GUAM üzvü olan ölkələr - Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın nümayəndə heyətləri qatılıb.

İclasın açılış mərasimində Azərbaycan DGK-nin sədri Aydın Əliyev və Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak ediblər.

DGK sədri A.Əliyev son illər Azərbaycan gömrük xidmətində görülən işlər barədə məlumat verib və gömrük sahəsində əməkdaşlıq münasibətlərinə toxunaraq vurğulayıb ki, ticarətin asanlaşdırılması qarşılıqlı əlaqələrin inkişaf etdirilməsindən asılıdır. Hər bir ölkə arasında gömrük əlaqələrinin genişlənməsi həm iqtisadi, həm də siyasi əlaqələrin möhkəmlənməsi deməkdir.

GUAM-ın baş katibi V.Çeçelaşvili bildirib ki, təşkilatın növbəti iclası və ümumiyyətlə, Ticarət və nəqletməyə yardım Layihəsinin həyata keçirilməsi üzrə məsələlərin həlli üzv ölkələrin müvafiq orqanları arasında əlaqələrin daha səmərəli və qarşılıqlı fayda əsasında inkişafına xidmət edəcək.

Sonrakı gedişatda iclasın gündəliyi də qəbul olunub

İclasda GUAM Ticarət və nəqletməyə yardım Layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 21-ci iclasının protokolu, eyni zamanda, sözügedən layihənin üzv ölkələrdə icrası ilə bağlı hesabatlar dinlənilib.

Bundan başqa, gömrük prosedurlarının həyata keçirilməsi zamanı mallar və nəqliyyat vasitələrinə gömrük nəzarətinin fərdi nəticələrinin qarşılıqlı tanınması haqqında protokol layihəsi müzakirə edilib.

İclasın sonunda tədbirin yekunları müzakirə edilərək Komitənin 22-ci iclasının protokolu təsdiqlənib.

Tədbir başa çatdıqdan sonra isə GUAM üzvü olan ölkələrin gömrük xidmətləri arasında bu ölkələrin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında protokol imzalanıb.

Qeyd edək ki, həmin gün nümayəndə heyətləri DGK-yə gələrək burada “Hədəf” Mərkəzinə baxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi