Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way West Airlines” şirkəti ABŞ-ın Texas statında yerləşən Dallas Hava Limanına hər həftənin bazar ertəsi Boeing 747-8 təyyarələri vasitəsilə aviareys həyata keçirməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu, “Silk Way West Airlines”ın Azərbaycan ilə ABŞ arasında həftədə üç dəfə keçirilən uçuşlarının artımına xidmət edir.
Qeyd edək ki, “Silk Way West” Şimali Amerikada böyüyür. Belə ki, Çikaqo ilə Bakı arasında birbaşa uçuşlar həyata keçirir. Həmçinin, Hyuston, Çikaqo, Nyu-York, Mayami və Vaşinqtonda satış işlərini həyata keçirilməsi üçün ofisləri fəaliyyət göstərir.
Xatırladaq ki, 2012-ci ildə yarandığı gündən etibarən yük aviaşirkəti öz marşrut şəbəkəsini daim genişləndirir. “Silk Way West Airlines” “Boeing B747” təyyarəsi ilə Bakıdan Honkonq, Osaka, Seul, Dəkkə, Şanxay, Sinqapur, Kuala Lumpur, Çikaqo, Milan, Amsterdam, Lüksemburq, İstanbul, Dubay və s. kimi əsas nəqliyyat hablarına uçuşlar yerinə yetirir.
Aviaşirkətin ABŞ-a yükdaşıma üzrə satış agenti - Global Feeder Services şirkəti, 2019-cu ilin avqustunda təyin edilib.