"Aviasiya haqqında" qanun layihəsində göstərilir ki, baqaj və yaxud yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa itirilmiş sayılır.
"Report" xəbər verir ki, bunu deputat Soltan Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Beynəlxalq təcrübədə bu müddət ən çoxu 21 gündür. Azərbaycanın 2014-cü ildə qoşulduğu “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın 17-ci maddəsinin 3-cü bəndində göstərilir ki, baqaj 21 gündən sonra çatmayıbsa, sərnişinin daşıma müqaviləsindən irəli gələn hüquqlarını həyata keçirməsinə icazə verilir. Hesab edirəm ki, layihədə göstərilən bu müddət beynəlxalq təcrübəyə və iştirakçısı olduğumuz konvensiyaya uyğunlaşdırılmalıdır", - deyə o qeyd edib.