Azərbaycanda “Avtomobil nəqliyyatı haqqında” qanununa əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb.
Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, artıq 4 şirkət müvafiq sənədləri elektron sistem üzərindən təqdim edərək icazənin alınması üçün agentliyə müraciət edib.
Taksi sifarişi operatorlarının fəaliyyətinin müvafiq icazə əsasında tənzimlənməsi sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsi baxımından önəmlidir. Belə ki, sözügedən icazə taksi sifarişi operatorunun təqdim etdiyi xidmətlərin, o cümlədən müştərilərin fərdi məlumatlarının təhlükəsizliyinin standartlara uyğunluğunu təsdiqləyir.
“Fərdi məlumatlar haqqında” qanununa uyğun olaraq, taksi sifarişi operatorlarının xidmət göstərdikləri zaman istifadə etdikləri fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçirilməli və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət edilməlidir.
Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatlar AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürülməlidir.