Azərbaycanla İran arasında, qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir. Sənədə imza atılması iki ölkənin diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə təsadüf edir və ikitərəfli dostluq, yaxın qonşuluq münasibətlərinin məntiqi nəticəsidir, eləcə də Azərbaycan diplomatiyasının mühüm qələbəsidir və ölkəmizin iqtisadi inkişafında böyük rol oynayacaq.
Anlaşma Memorandumunun imzalanması həm də o deməkdir ki, Ermənistan 44 günlük Vətən Müharibəsindən sonra iqtisadi blokadadan çıxmaq üçün yaranmış şansını qiymətləndirməyi bacarmadı, özünü regional əməkdaşlıqdan kənarda qoydu. Bu ölkə ilyarım ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdı. Baxmayaraq ki, dəhlizin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyət kəsb edirdi.
Zəngəzur dəhlizi ilə açılacaq nəqliyyat və enerji xətlərinin texniki əsaslandırılması hazırlanmışdı, lakin Ermənistan üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, onun reallaşmasını əngəlləmək məqsədilə müvafiq yer ayırmadı. Ermənistan rəhbərliyi elə zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisində, onun icazəsi ilə yaradıla bilər. Rəsmi İrəvan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlamışdı. İndi bütün bu cəhdlərin sabun köpüyü olduğunu aydın görən Ermənistan bir daha düşünməlidir – buna dəyərdimi?
44 günlük müharibə nəticəsində Azərbaycan öz ərazilərini geri qaytardı və dövlət sərhədlərini bərpa etdi. Bu amil Azərbaycanın növbəti diplomatik triumfuna yol açdı və ölkəmiz eyni coğrafiyada, Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda - İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı yaratdı, bununla öz planlarını reallaşdırdı, Ermənistan isə növbəti dəfə şansını itirərək mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qaldı.
Yeni layihə böyük iqtisadi dividendlər gətirməklə yanaşı, həm də Naxçıvan MR-in blokadadan çıxmasında, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davaml bağlantısının yaradılmasında mühüm rol oynayacaq. Bu gün elektrik enerjisi ixracatçısı olan Azərbaycan İran ərazisindən Naxçıvana, Türkiyəyə, daha geniş mənada Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanır.
Hazırda Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların getdiyi və Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq edildiyi, bununla bağlı Şərq-Qərb nəqliyyat-tranzit dəhlizlərinin Rusiyadan keçən seqmeninin məhdudlaşdığı dövrdə İran ərazisindən keçəcək yeni kommumikasiya bağlantısı mühüm əhəmiyyətə və böyük perspektivə malikdir.
Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihələr regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsində, nəqliyyat-kommunikasiya, logistika infrasterktrunun inkişafına mühüm təsir göstərib. Bugünki sənədə gəlincə isə, o, Naxçıvana yeni dəmir və avtomobil yolu əlaqələrinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasını nəzərdə tutur.
Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək.
Tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürür.
Tərəflərin qanunvericiliyi ilə müəyyənləşdiriləcək şirkət tərəfindən layihə sənədləri bir ay müddətində hazırlanacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılacaq.
Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərcləri Azərbaycan ödəyəcək.
İran Naxçıvan MR-i Ordubad rayonu ilə birləşdirəcək avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri ödəyəcək.
Körpülərin layihələndirilməsi və tikintisi üçün tərəflərin müvafiq qurumlarının nümayəndələrindən ibarət Birgə işçi qrup yaradılacaq.
Avtomobil yolu körpülərinin tikintisi başa çatana qədər Tərəflər öz dövlətinin ərazisində avtomobil yollarının zəruri tikinti, genişləndirmə və yenidənqurma işlərini təmin edəcək, eyni zamanda avtomobil körpüsünə giriş yollarının tikintisini həyata keçirəcəklər.
Avtomobil yoluna paralel olaraq tikiləcək dəmir yolunun maliyyələşdirilməsi və ödənilməsinə dair təkliflər 6 ay müddətində hazırlanıb tərəflərin hökümətlərinə təqdim ediləcək.
Naxçıvana yeni kommunikasiya bağlantılarının yaradılması layihəsi dar mənada Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyasını təmin etmək olmasına baxmayaraq, geniş mənada regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq layihə hesab olunur.