AYNA-nın rəhbəri köhnədən miras qalan problemləri həll etməyi tapşırıb

İnfrastruktur
  • 06 dekabr, 2022
  • 10:11
AYNA-nın rəhbəri köhnədən miras qalan problemləri həll etməyi tapşırıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev regionlarda köhnədən miras qalan problemləri həll etməyi tapşırıb.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, regionlarda çalışan müfəttişlərlə görüş keçirilib. Görüşdə müfəttişlərin fəaliyyəti, iş rejimi barədə müzakirələr aparılıb və təkliflər dinlənilib. A.Rzayev müfəttişlərin qarşısında duran əsas vəzifələrə və öhdəliklərə toxunaraq onlara nə dərəcədə riayət olunduğundan danışıb. O, bildirib ki, yeni yaradılan agentlikdə köhnədən miras qalan bütün problemlər tez bir zamanda aradan qaldırılmalı və əsas dəyər olan insanlar rahat və keyfiyyətli xidmətlə təmin olunmalıdır. Buna görə müfəttişlərin də üzərinə böyük məsuliyyət düşür. Bu xüsusda iş rejiminə riayət edilməsi, vəzifə öhdəliklərinin düzgün, tapşırıqların isə vaxtında yerinə yetirilməsi əsas şərtdir. İdarə Heyətinin sədri əməkdaşların vətəndaşlarla rəftarı məsələsinə də toxunaraq vurğulayıb ki, bu məsələdə həssas yanaşma nümayiş etdirilməli və neqativ hallara qəti yol verilməməlidir.

Görüşdə bildirilib ki, “Fərqlənmə nişanı”nın elektron qaydada əldə edilməsi geniş təşviq olunmalıdır.

Müntəzəm avtobus marşrutları üzrə qeyri-qanuni sərnişin daşımaları hallarının qarşısının alınması məqsədilə keçirilən reydlərlə bağlı cari vəziyyət müzakirə edilib və müvafiq tapşırıqlar verilib.