Avstriyanın dəmir yolu rəsmisi: "Orta Dəhlizlə yük daşınmasına dair böyük planlarımız var"

Avstriyanın dəmir yolu rəsmisi: "Orta Dəhlizlə yük daşınmasına dair böyük planlarımız var" Avstriyanın Orta Dəhlizdən yükdaşıma ilə bağlı böyük planları var.
İnfrastruktur
4 Oktyabr , 2024 15:47
Avstriyanın dəmir yolu rəsmisi: Orta Dəhlizlə yük daşınmasına dair böyük planlarımız var

Avstriyanın Orta Dəhlizlə yük daşınmasına dair böyük planları var.

Bunu “Report”a açıqlamasında Avstriya Federal Dəmir Yollarının Avrasiya-Mərkəzi Asiya üzrə əlaqələr rəhbəri Eniko Györfl bildirib.

Onun sözlərinə görə, Avstriya dəhliz vasitəsilə yalnız Avropa və Mərkəzi Asiya arasında yükdaşımanın həyata keçirilməsini nəzərdə tutmur, məhz Çinlə Avropa arasında yükdaşımanı düşünür: “Avstriya üçün Şərqi Asiya çox önəmli regiondur. Ölkəmiz Avropanın mərkəzindədir, Asiyanı qitə ilə, eləcə də Şərqi və Qərbi Avropanı birləşdirir. Bizim məqsədimiz regionda tərəfdaşlarımızla birgə böyümək, möhkəmlənmək, müştərilərimizə davamlı və dayanıqlı məhsul təklif etməkdir”.

E. Györfl onu da bildirib ki, Avstriya Federal Dəmir Yollarına məxsus “ÖBB Holdinq” Türkiyə Dövlət Dəmir Yollarının törəməsi - “TCDD Taşımacılık” şirkətinin ən əhəmiyyətli tərəfdaşlarından biridir: "Biz Avropadan Türkiyəyə və əks istiqamətdə yükdaşıma həyata keçiririk".

Dəmir yolu rəsmisi sentyabrın 20-də Bakıda keçirilmiş “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında iştirak edib. Avstriya bu assosiasiyaya qoşulmaq istəyir.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC ilə tərəfdaşıq və bir sıra layihələrin üzərində işləyirik. Bu layihələrə təcrübə mübadiləsi, Avropadan Azərbaycana və əks istiqamətdə yükdaşımalarla bağlıdır”,-deyə o qeyd edib.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur. 2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.

Son xəbərlər

Orphus sistemi