"Albayrak" Orta Dəhlizin buraxılış gücünü artırmaq istəyir
- 18 sentyabr, 2024
- 13:49
Türkiyənin "Albayrak" şirkətlər qrupu Bakı və Trabzon dəniz limanları vasitəsilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) buraxılış gücünü artırmaq niyyətindədir.
"Report" xəbər verir ki, bunu holdinqin biznesin inkişafı üzrə direktoru Cumhur Güzəlçiftçi Bakıda "Qara dəniz və Xəzər dənizlərində beynəlxalq nəqliyyat dəhlizləri" mövzusunda keçirilən "Qara dəniz-Xəzər Logistika Forumu 2024" tədbirində bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar-avqust aylarında iki liman arasında 180 min ton daşınıb: "Biz yük axınını artırmaq istəyirik. Trabzon limanını aktivləşdirəcəyik. Bu istiqamətdə investisiyalarımız davam edəcək. Orta Dəhlizi daha cəlbedici görmək istəyirik".
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.
14 may 2018-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu limanın yükaşırma həcmi hər il artır. Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcmi sürətlə artır.