Xalq artisti Fikrət Verdiyev dəfn olunub - YENİLƏNİB

Xalq artisti Fikrət Verdiyev dəfn olunub - YENİLƏNİB Təzəpir məscidində Azərbaycanın Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, "Göygöl" Dövlət Mahnı və Rəqs ansamblının yaradıcısı, tarzən Fikrət Verdiyev ilə vida mərasimi keçirilir.
İncəsənət
22 Dekabr , 2022 15:58
Xalq artisti Fikrət Verdiyev dəfn olunub - YENİLƏNİB

Azərbaycanın Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblının yaradıcısı, tarzən Fikrət Verdiyev Qurd qapısı qəbristanlığında dəfn olunub.

“Report” xəbər verir ki, dəfn mərasimində Mədəniyyət Nazirliyin təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri, tarzənin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

14.18

Təzəpir məscidində Azərbaycanın Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, "Göygöl" Dövlət Mahnı və Rəqs ansamblının yaradıcısı, tarzən Fikrət Verdiyev ilə vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyin təmsilçiləri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, mədəniyyət və incəsənət xadimləri, tarzənin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Xalq artisti, tarzən Ramiz Quliyev deyib ki, bu ilin sentyabr ayında F.Verdiyevin yubileyi keçiriləcəkdi:

"Lakin səhhəti ilə bağlı təxirə salındı. Yubileyinə aparmalı olduğumuz gülləri indi onun dəfninə gətirmişik".

Mərhumun həyat yoldaşı Bəyimxanım Verdiyeva onun üçün ağır gün olduğunu bildirib:

"Bu gün mənim üçün çox ağır gündür. Mən özüm üçün böyük bir dost, böyük bir yoldaş, sənətkar itirmişəm. Bu, təkcə mənim itkim deyil, həm də Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin itkisidir. Lakin mən bir şeydən əminəm ki, musiqisi onu daima yaşadacaq".

B.Verdiyeva Xalq artistinin xəstə olduğu müddətdə ailənin ağır günlərində yanlarında olduğu üçün Heydər Əliyev Fonduna təşəkkür edib.

Mərhum Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, sənətçi bu gün 75 yaşında dünyasını dəyişib. O, 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub. 1969-cu ildə gərgin əməyi və fədakarlığı ilə Gəncə musiqiçilərini və sənətçilərini başına yığaraq ictimai əsaslarla “Göygöl” xalq çalğı alətləri ansamblını yaradıb.

1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət Verdiyev filarmoniyanın nəzdində “Göygöl” mahnı və rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini yaradıb.

2001-ci ildə Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində “Neftçi” mahnı və rəqs ansamblını formalaşdırıb.

F.Verdiyev məşhur xanəndə, muğam ustası Xan Şuşinskinin qızı ilə ailə qurub. İki qızı, bir oğlu, 3 nəvəsi var.

Son xəbərlər

Orphus sistemi