Sentyabrın 7-11-də Bakıda keçiriləcək V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı ilə bağlı mətbuat konfransı keçirilib.
"Report" xəbər verir ki, tədbirdə festivalın təsisçisi və direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamaliyev, media meneceri Bahar Zeynallı, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədr müavini Telman Məlikzadə, animator rəssam Nitya Ramloqan və başqaları iştirak ediblər.
R.Ağamalıyev bildirib ki, uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi festival Nizami Kino Mərkəzində baş tutacaq: "Festival "Bir bilet-bir ağac" şüarı altında keçiriləcək. İqlim dəyişikliyinə həsr olunan tədbirdə bilet satışından əldə olunacaq gəlir azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcək".
Onun sözlərinə görə, festivala 50 müxtəlif ölkədən 230 film daxil olub: "Seçim komissiyası müsabiqəyə 29 ölkədən 75 film qəbul edib. Bu filmlər 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə yarışacaq. Azərbaycandan 16 film müsabiqədə iştirak edir. Bütün seçilmiş filmlərə beynəlxalq münsiflər heyəti baxacaq, qaliblər V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimində elan olunacaq. Ümumilikdə, festivallar daha çox stimul vermək məqsədi daşıyır. Hesab edirik ki, uşaqlarımız ana dilimizdə cizgi filmlərinə baxmalıdır".