Əbülfəs Qarayev: "Ötən il Azərbaycana Körfəz, MDB, Avropa və Asiyanın çeşidli ölkələrindən turistlər gəlib"

Əbülfəs Qarayev: "Ötən il Azərbaycana Körfəz, MDB, Avropa və Asiyanın çeşidli ölkələrindən turistlər gəlib" Mədəniyyət və turizm naziri Sumqayıtda vətəndaşlarla görüşüb
İncəsənət
26 Yanvar , 2017 13:45
Əbülfəs Qarayev: Ötən il Azərbaycana Körfəz, MDB, Avropa və Asiyanın çeşidli ölkələrindən turistlər gəlib

Bakı. 26 yanvar. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıtda Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı, Şuşa rayonlarından vətəndaşları qəbul edib.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səslənib.

Sumqayıt sakinləri tərəfindən Sumqayıt şəhəri ilə qardaşlaşmış şəhərlərin təsviri və tətbiqi sənət ustalarının əsərlərinin qarşılıqlı sərgilərinin, Sumqayıtda caz musiqi festivalının keçirilməsi, yerli rəssamların planerinin, şəhərdə beynəlxalq “Qutab festivalı”nın təşkili ilə bağlı təklif və təşəbbüslər diqqətə çatdırılıb. Bununla yanaşı, şəhərdəki musiqi məktəblərində ustad dərslərinin təşkilinə köməklik göstərilməsi xahiş edilib.

Abşeron rayonundan qəbula yazılanların şəxslərin də müraciətləri musiqi və incəsənət məktəblərində ustad dərslərinin təşkilinə dəstək verilməsi, eləcə də təcrübəli müəllimlərin iş metodlarının internet vasitəsi ilə yayılması barədə olub.

Xızı sakinləri rayondakı Xanagah yaşayış məntəqəsinin və Şeyxlər türbəsinin tədqiq edilməsi, yeni inşa olunmuş Heydər Əliyev Mərkəzinin Mədəniyyət və Turizm Nazirliyinin balansına verilməsi, işlə təmin olunma və digər məsələlər barədə müraciətlərini səsləndiriblər.

Şuşa rayonundan qəbula yazılan vətəndaşlar məcburi köçkünlər üçün Zaqatalada salınmış yeni qəsəbədə klub müəssisəsinin istifadəyə verilməsi, uşaq musiqi məktəblərində saz ixtisasının inkişaf etdirilməsi və digər məsələlər barədə xahiş ediblər.

Zəngilan və Qubadlı sakinlərinin müraciətləri kitabxanalara uşaq ədəbiyyatının verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı göstərişlər verib.

Nazir budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayıb: “Bu ilin ilk qəbulunu Sumqayıt şəhərində keçirdik. Bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyi sistemində islahatlar keçirildi. Bu islahatların nəticəsində 15 regional mədəniyyət və turizm idarəsi yaradıldı. İslahatlar ölkəmizin mədəniyyət və turizm sahələrində idarəçiliyin təkmilləşdirilməsinə və işimizin günün müasir tələblərinə uyğun şəkildə qurulmasına xidmət edir".

Nazir regionlarda da turizmlə bağlı təkliflərin nəzərdən keçiriləcəyini deyərək turizm sənayesinin inkişaf etdirilməsinin Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olduğunu bildirib: "Artıq ölkəmizə səfər edən xarici vətəndaşların böyük əksəriyyəti məhz turizm, səyahət məqsədilə gələnlərdir. Ötən il ölkəmizə daha çox Körfəz ölkələri, MDB ölkələri, Avropa və Asiyanın çeşidli ölkələrindən turistlər gəlib". 

Son xəbərlər

Orphus sistemi