Adıyamanda I Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsinin açılışı olub

Adıyamanda I Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsinin açılışı olub Adıyamanda I Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsinin açılışı olub.
İncəsənət
25 Aprel , 2024 12:38
Adıyamanda I Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsinin açılışı olub

Adıyamanda I Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsinin açılışı olub.

“Report”un Adıyamana ezam olunmuş əməkdaşının məlumatına görə, tədbir Adıyaman valiliyinin təşkilatçılığı, Adıyaman rayon Mədəniyyət və Turizm İdarəsinin koordinatorluğu ilə baş tutur.

Adıyaman rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Abuzer Gelse bildirib ki, beynəlxalq zirvədə türk dövlətləri ilə yanaşı, on müxtəlif ölkədən fotoqrafiya sahəsində peşəkarlaşmış, eyni zamanda sözügedən sahə üzrə sözünü demiş 75 fotoqraf iştirak edir:

“Tədbirin keçirilməsində məqsəd 2023-cü il fevralın 6-da baş vermiş dəhşətli zəlzələdən ən çox zərər çəkmiş şəhərdən biri olan Adıyamanda turizm sektorunun yenidən inşasına töhfə verməkdir. Eyni zamanda Adıyamanın tarixi, mədəni, qastronomiya sahəsində milli dəyərlərinin tanıdılması hədəflənib. Bu kontekstdə on fərqli destinasiyada qonaqlar Adıyamanın tarixi və mədəni gözəlliklərini öz gözləri ilə görmək imkanı əldə edəcək”.

O deyib ki, Adıyaman Anadolunun möhtəşəm tarixini özündə ehtiva edən önəmli şəhərlərdən biridir:

“Bu tədbirin ənənəvi hala gətirilməsi planlaşdırılır və qarşıdakı illərdə zirvəyə daha çox ölkədən fotoqrafların və media nümayəndələrinin cəlb edilməsi planlaşdırılır”.

Adıyaman bələdiyyəsinin sədri Abdurrahman Tutdere qeyd edib ki, Adıyaman sanki açıq səma altında muzeydir:

“Hesab edirəm ki, qonaqlarımız bu festival çərçivəsində Adıyamanın gözəlliklərini daha yaxından kəşf etmək imkanı əldə edəcək. Zəlzələni ən ağır şəkildə yaşayan, yaralarını sarımağa çalışan bir şəhərin bu cür tədbirə ev sahibliyi etməsi bizim üçün qiymətlidir. Bundan sonra mədəni tədbirlərimizin sayını artırmaqla şəhərimizin tanıdılmasına və Adıyamanın yaralarının sarılmasına töhfə verməyə çalışacağıq”.

Adıyaman valisi Osman Varol vurğulayıb ki, tədbirin məlum dəhşətli zəlzələdən sonra ciddi motivasiyaya ehtiyac olan bir zamanda keçirilməsi şəhərin yenidən bərpa olunması, eyni zamanda turizmin yenidən dirçəldilməsi üçün xüsusilə əhəmiyyətlidir:

“Fotoqrafiya insanların duyğularını göstərmək üçün ən yaxşı sənət sahələrindən biridir. Zirvə Adıyamanın qədim və yeni simasını yaddaşlara həkk etmək, həmçinin bir çox hissləri insanlara ötürmək üçün olduqca vacibdir. Bundan sonra da şəhərimizin tanıtımı üçün işlər davam etdiriləcək”.

Daha sonra Adıyamanın yeni hazırlanmış tanıtım çarxı təqdim olunub.

Qeyd edək ki, I Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsində azərbaycanlı fotoqraflar da təmsil olunurlar. Fotoqrafların tədbir çəçivəsində çəkəcəyi fotolar daha sonra kataloqlaşdırılacaq və Adıyamanın tanıdılması üçün hazırlanacaq sərgilərdə, videoroliklərdə və tanıtım çarxlarında istifadə olunacaq.

Festival aprelin 28-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi