Bakı. 21 iyun. REPORT.AZ/ Ən yaxşı kişi aktyor kimi üç dəfə "Oskar" mükafatı qazanan britaniyalı aktyor Daniel Day-Lyuis bundan sonra kinolara çəkilməyəcəyini elan edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, 60 yaşlı Dey-Lyuisin agentinin yaydığı bəyanatda onun daha aktyor kimi fəaliyyət göstərməyəcəyi vurğulanıb.
Qeyd edək ki, o, kinoda ilk rolunu hələ yeniyetmə olarkən, 1971-ci ildə "Bazar, qanlı bazar" filmində alıb. Aktyorun aktivində elə də çox film yoxdur: o, həmişə film layihələrinin seçilməsinə ehtiyatlı yanaşıb və adətən yalnız hər üç-beş ildən bir filmə çəkilib.
Bununla belə, o, oynadığı rollara görə 3 dəfə "Oskar" mükafatı ilə təltif edilib: "Mənim sol ayağım" (1989), "Neft" (2007) və "Linkoln" (2012).
Bu il Dey-Lyuisin oynadığı son film - "Xəyali sap" işıq üzü görəcək. Pol Tomas Andersonun filmində ötən əsrin 50-ci illərində Londonda moda dünyası təsvir olunub.
Daniel Dey-Lyuis 2013-cü ildə "Time" jurnalı tərəfindən dünyanın 100 ən nüfuzlu şəxslərindən biri seçilib.