“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Marionet Teatrı Xorvatiyada keçirilən Beynəlxalq Marionet Festivalından qayıdıb.
Teatrdan "Report"a verilən məlumata görə, teatr sentyabrın 27-dən oktyabrın 1-dək Zaqreb şəhərində keçirilən festivala qatılıb.
Azərbaycanın Xorvatiyadakı səfirliyinin dəstəyi ilə təşkil edilən səfər çərçivəsində teatr müxtəlif dövlətlərin Xorvatiyadakı səfirləri, rəsmi nümayəndələri qarşısında uğurla çıxış edib. Teatrın “Leyli və Məcnun" tamaşası xüsusi rəğbətlə qarşılanıb.
Teatrın truppası həmçinin Xorvatiyadakı teatrların direktorları, ssenaristləri və teatr xadimləri qarşısında çıxış edib.
Səfərdə məqsəd Azərbaycan-Xorvatiya arasında mədəni əlaqələrin möhkəmləndirilməsi olub.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi dəstəyi ilə yaradılan Marionet Teatrının 2013-cü ildən etibarən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir. Teatrın yaradılmasında əsas məqsəd Azərbaycanın zəngin mədəni irsinin gələcək nəsillərə ötürülməsi və qorunub saxlanmasıdır.