Bakı. 27 noyabr. REPORT.AZ/ Lənkəran Dövlət Dram Teatrı İranın Həmədan şəhərində keçirilən 25-ci Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında iştirak edib.
Teatrdan "Report"a verilən məlumata görə, yaradıcı kollektiv noyabrın 20-dən 25-nə kimi sürən tədbirdə yazıçı-publisist Əjdər Olun “Meşəbəyinin dostları” musiqili nağıl-tamaşası ilə çıxış edib.
Uşaqlarda xeyirxahlıq, mərhəmət, ətrafdakılara köməklik göstərmək kimi nəcib hissləri aşılayan tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Rolları aktyorlar Allahverən Babayev, Emin Fərzullayev, Səyad Əliyev, Rauf Zeynalov, Ülkər Quliyeva və Günel Abbaszadə ifa ediblər.
Belçika, İtaliya, Almaniya, Türkiyə, Norveç, Hindistan, İraq, Fransa kimi ölkələrin təmsil olunduğu festivalın bağlanış mərasimində Lənkəran Teatrının truppası münsiflər heyəti tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.